Hadrutda Şişqaya yüksəkliyində Azərbaycan bayrağını yüksəkliyə qaldırarkən şəhadətə ucalan qəhrəman şəhidim.
1-07-2023, 21:16
367 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
28 iyun tarixində Füzuli rayon Horadiz qəsəbə sakini ölümü ilə ölümsüzlük yazan, 44 günlük Vətən müharibəsi şəhidi Rəşidzadə Səid Nofəl oğlunun xatirəsi yad edildi.
İlk öncə Qəhrəman Şəhidimizin atası Nofəl bəyin təşəbbüsü və iştirakı ilə Səidin Babı kənd qəbirstanlığında olan məzarı ziyarət edilib, məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna Fatehə oxunub.
Daha sonra Şəhidimizin atası Nofəl bəy və Füzuli rayonunun bir qurup ictimaiyyət, media nümayəndələri və RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli, 1 –ci və 2 –ci Qarabağ döyüşlərində son anlara qədər cəbhə bölgələrində olaraq ordumuzla çiyin çiyinə birlikdə olan Qarabağ qazisi Nurəhməd Vəliyev, Birinci Qarabağ müharibəsi Qazisi Fazil Qurbanlı, Füzuli rayonundan olan millət vəkili Vüqar Bayramovun köməkçisi Eltun Ağakişiyev, Mollaməhərrəmli kənd tam orta məktəbin direktoru Bəşir Əliyev, Horadiz şəhər bələdiyyəsi Tural Nəbiyev, şəhidimizin döyüş yoldaşları, doğmaları əziz şəhidimiz Rəşidzadə Səidinin düşmən bayrağını endirib, Azərbaycan bayrağını yüksəkliyə qaldırarkən şəhadətə ucaldığı Hadrutda Şişqaya yüksəkliyində olaraq oradakı bayrağı yeniləyib, Səid Rəşidzadəni yad edərək onunla bağlı xatirələrindən danışıblar.
Bildirmək istərdim ki, Rəşidzadə Səid Nofəl oğlu 1990-ci il yanvarın 28-də Horadiz şəhərində anadan olub. O, 1996-2007-cı illərdə Nərimanov rayonunda S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2016-cı ilin Aprel döyüşlərində general Polad Həşimovla birgə düşmənə qarşı çiyin-çiyinə döyüşüb. Səid 2019-cu ildə səhhəti ilə bağlı ordudan tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı döyüşlərə könüllü yollanıb. İlk döyüş yolu Füzulidən başlayan Səid Rəşidzadə Hadruta qədər döyüşlərdə iştirak edib və şücaəti ilə seçilib. Oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Səid Rəşidzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.
Əfsanə Əliyeva
VETENİM-AZERBAYCANDIR.AZ
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<