Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

SDU-da “Gənclərin xaricdə təhsil almasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda onlayn formatda tədbir keçirildi

SDU-da “Gənclərin xaricdə təhsil almasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda onlayn formatda tədbir keçirildi
10-05-2021, 23:33 354 dəfə baxılıb

Mayın 8-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsi və Gənc Alimlər Şurasının təşkilatçılğı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Gənclərin xaricdə təhsil almasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda onlayn formatda tədbir keçirildi.
Tədbirdə universitetin bir qrup professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin Qazi Universitetinin professorları Dr.Salih Şahin və Dr.Servet Karabağ iştirak etdilər.
Tədbiri giriş sözü ilə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev açaraq qonaqları və iştirakçıları salamladı, Ulu Öndər Heydər Əliyevin təhsilin cəmiyyətin inkişafındakı rolundan, bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətimizin inkişafına verdiyi töhvələrdən danışaraq qeyd etdi ki, dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Məhz buna görə də Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər. Buna görə də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirlər.İndi Ulu Öndərin ruhu şaddır, çünki ilk dəfə olaraq biz Ümummilli Liderin anadan olmasının 98-ci ildönümünü onun görmək istədiyi, torpaqları işğaldan azad olunmuş Azərbaycanda qeyd edirik.Ulu öndər üçün ən ümdə məsələlərdən birinin əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi olduğunu qeyd edən prorektor Qafar Atayev ötən il 44 gün ərzində yenilməz Azərbaycan ordusunun bu missiyanı şərəflə yerinə yetirdiyini qeyd etdi və ümummilli lider Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq ənənəsinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirildiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tarix və Coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Gənclərin xaricdə təhsil almasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış etdi.Ulu Öndərin Azərbaycan dövlətinə və xalqına olan xidmətlərindən danışdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyev hər zaman gənclərin dünyagörüşlü, elmli yetişməsinə önəm verib, onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Tədbirə qonaq kimi qatılan Türkiyə Cümhuriyyəti, Qazi Universitetinin Təhsil fakültəsinin Siyasət kafedrasının professoru Dr.Servet Karabağ “Devletler için liderlerin rolü” mövzusunda çıxış edərək Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrindən danışdı. Bildirdi ki, Azərbaycan–Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Professor onu da qeyd etdi ki, ötən ilin dekabrın 10-da Azadlıq meydanında keçirilən Azərbaycanın 44 gün İkinci Qarabağ Müharibəsinin Zəfər Paradında Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir yerdə olması bir daha bu qardaşlıq birliyinin təcəssümüdür.
Tədbirdə SDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi Hamza Sahin (TC) “Heydər Əliyevin təhsilə verdiyi dəyər”, Gənc Alimlər Şurasının sədr müavini Aysel Qəribli “Azərbaycanda energetika sənayesinin inkişafında Heydər Əliyevin rolu”, SDU-nun Tarix və coğrafiya fakültəsinin I kurs magistrantı Ceyhun Əsgərov “Heydər Əliyev Müstəqil Azərbaycanın uğurlu təhsil siyasətinin banisi”, Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi Gasanova Aphsana (Gürcüstan) “Ümumilli Liderin xaricdə təhsil ənənəsi” , SDU-nun Fizika və elektroenergetika fakültəsinin I kurs tələbəsi Mataullah Saidi (Əfqanıstan) “Azərbaycan-Əfqanıstan əməkdaşlığı” mövzularında məruzə ilə çıxış etdilər.Ulu öndər Heydər Əliyevin XX əsrin görkəmli siyasi və dövlət xadimi olduğunu, onun dünya liderləri səviyyəsində yüksək qiymətləndirildiyini bildirdilər. Qeyd etdilər ki, Ulu Öndərin adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə bərabər çəkilir. Azərbaycanın son yarım əsrdən artıq bir dövrdəki inkişafının bütün hadisələri, əsas nailiyyətləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə birbaşa bağlıdır. Bu böyük düha bütün fəaliyyəti boyu dünyada və ölkəmizdə gedən siyasi prosesləri qabaqlayıb, xalqımızın milli maraqlarını və dövlətçilik mənafelərini hər şeydən üstün tutub, taleyüklü qərarlar qəbul edib. Natiqlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənələrinin son illərdə uğurla davam etdiyini söylədilər.
Sonda çıxışçılar ümummilli lider Heydər Əliyevin cismən aramızda olmasa da, onun ideyalarının, yaratdığı dövlətçilik ənənələrinin daim yaşayacağını vurğuladılar.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI