17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Biz Azərbaycandanıq!- Güllərin nəğməsi
Rəssamlar bütün yaradıclığı boyu ən müxtəlif janrlarda əsərlər yaratsalar da, bu fərqli estetik tutum daşıyıcıları arasında mütləq onlara daha yaxın olanı, tez-tez müraciət etdikləri də olur. “Təklənmiş” psixoloji-yaradıcı durumlarını ilhamlarının pərvazlanmasına kökləyən rəssamlar üçün bunun nə demək olduğunu yəqin ki, onların özləri daha yaxşı bilirlər. Bunun səbəbini uzaq Moskvada yaşayıb-yaradan soydaşımız İlhamə Qurbanovadan soruşmasaq da, onun ərsəyə gətirdiyi çoxsaylı gül-çiçəkli natürmortlarda torpaq qüdrətini duymaq, onun yaratdığı ətirli zərif gözəllik daşıyıcılarının ilhamverici sehrinə düşmək istəyinin qabarıqlığı duyulandır. Hələ sovet dönəmindən ailəsi ilə Rusiya paytaxtında yaşayan İlhamə xanımın bu gün ən böyük arzusu yəqin ki, düşmən tapdağından “Dəmir yumruq”la qaytarılmış doğma Qarabağ çöllərindən toplayacağı gül-çiçəyə bədii görkəm verməkdir...
Çəkdiyi müxtəlif natürmortlarda görüntüyə gətirilən yasəmən, çobanyastığı, qızılgül, lalə, nərgiz, qərənfil və digər neçə-neçə gülün forma-biçimində və rəngində ruhunu oxşayan estetik qaynaqlar aşkar etdiyinə əmin olan rəssamın onlar üçün tapdığı bədii şərhdə qabarıq görünən eşq, qürur və saflıqla bərabər həsrətin sezilməsini də zamanına görə təbii saymaq olar. Ayrı-ayrı güllərdə ifadə olunmuş müəllif niyyətinin məna-məzmun yükündən “boylanan” bədii tutumun-duyğulandırıcı estetikanın tamaşıçısı ilə dialoq yaratmaq gücü görünən olduğundan, çox vaxt gözümüzdə adiləşən zəriflik rəmzlərində yaşantılarımızla səsləşən qaynaqların təsirli duyulanlığının əldə olunmasını müəllifin uğuru saymaq olar. Odur ki, İlhamə xanımın bu əsərlərində Avropalıların “cansızlıq və sakitlik” ifadəçisi kimi qəbul etdiklərindən daha çox fərqli estetika ilə qarşılaşırıq. İndicə dərilmiş çöl güllərinin vazada qərarlaşmasında onun təravətini qorumağa səy göstərilməsi, bu yerdəyişmənin çox vaxt təbətin “davamı” - onunla əlaqəli təqdimatı kimi düşünülməsi də “gül həyatı”nın əvvəlki kimi davam etdiyinə bədii işarə duyulmaqdadır. Yaxşı haldır ki, rəssam arzuladığı bu təəssüratı real-gerçəkçi bədii vasitələrlə əldə etməyə nail olmuşdur. Natürmortların məhz özünəməxsus yaxı-rəng improvizələri ilə duyğulandırıcı estetik qaynağa çevrilməsi də müəllifin davamlı axtarışlarının nəticəsidir.
Onun təbiətdən tam təcrid olunduğu birmənalı olan güllərinin təqdimatında ilk baxışda klasslik “sakitlik” hiss olunsa da, əslində, məkana arifanə baxışla burada da həyatın davam etdiyini sezmək mümkündür. Bunu gül-çiçəkli vazanın qərarlaşdığı məkanın bədii həllində, masaüstünün tərtibatında, interyerlə əlaqəli təsvirində duymaq mümkündür. Elə rəssamın da niyyəti buradakı həyatın bir anlığa “qırılması”na tamaşaçısını inandırmaq, janrın məlum estetikasına özünəməxsus çalarlar əlavə etməkdir. Onun çoxsaylı natürmortlarında klassikaya bir qədər fərqli münasibətdə bunun yaddaqalan nəticələrini görmək mümkündür...
Bu yerdə qeyd edək ki, İlhamə Qurbanovanın bədii irsində yer alan digər janrlı əsərlər də bütün mənalarda müraciət olunan mövzulara özünəməxsus yanaşma mövcuddur. Bu mənada rəssamın süjetli tabloları xüsusilə diqqət çəkirlər. Müxtəlif illərdə çəkilmiş “Xocalı”. “Xudafərinli toy”, “Qız qalası əfsanəsi”, “Sevgi”, “Müjdə”, “Mənim dünyam” və “Yuxu” əsərləri bu qəbildəndirlər. Bu rəngkarlıq nümunələrinin estetikasında ovqatyaradıcılıq önə çəkildiyindən, görüntüyə gətirilən motivlər və hadisələr tamaşaçı tərəfindən emosionallıqla qəbul olunurlar. Belə ki, bəzən real, bəzən də duyğu və düşüncələrini əyaniləşdirməyə çalışan rəssam, kompozisiyanı təşkil edən ayrıntıları müəyyən ovqata bələməyə üstünlük verməklə, son nəticədə, əsərin bədii bütövlüyüün təsirli alınmasına nail olmuşdur. Bu mənada “Xocalı” faciəsinin insan harayının, “Xudafərinli toy”un isə nikbin duyğuların ifadəsi olduğunu qeyd etməliyik. Hər iki əsərdə rənglərin ovqatyaratmaq gücündən ustalıqla istifadə edən müəllifin həm el kədərini, həm də el sevincini eyni uğurla bədiiləşdirdiyini deməliyik...
“Qız qalası əfsanəsi”nə bu vaxta qədər rastlaşmadığımız bədii şərh verən rəssam, baş verənlərdə suçsuzluğu birmənalı olan qızın ruhunun asimana yüksəldiyinə cəlbedici obrazlı görkəm verə bilmişdir. Tikilinin və “ruh”un əhatələndiyi mənzərənin nikbinliyində də onun bu “gediş”inə bədii müəllif təqdiri duyulmaqdadır. İlhamə xanımın digər süjetli lövhələrinin məna-məzmun daşıyıcılığında da insan yaşantılarına hamını duyğulandıra biləcək yanaşma mövcuddur. Odur ki, istər “Sevgi”nin, istərsə də “Müjdə” və “Yuxu”nun leytmotivində artıq yaşanmışlarla yanaşı, arzulananların da estetikasında ümid işığı görünməkdədir. Əksər hallarda obrazlı bədii şərhlə gerçəkləşən bu müəllif təqdimatlarında həm də düşündürücülüq qərarlaşdığından, görünənlər həm arzu-tablo kimi qəbul olunurlar...
Rəssam yuxarıda incələdiyimiz əsərlərində olduğu kimi, çəkdiyi mənzərələrində də ovqatyaradıcılığa meyllidir. Çünki, o, təbiətin ən müxtəlif çağlarını sadəcə təsvir etmək xatirinə bədiiləşdirmir. Belə ki, onun an seçimində əvvəlcədən aparılan davamlı müşahidələrin nəticəsi hiss olunmaqdadır. Günün iki təzadlı məqamını - “Sübh çağı”nı və “Qürub”u görüntüyə gətirən müəllifin açıq dənizdə günəşin öləziməsinə və qədim kənd evlərinin qaranlığa qərq olmasına verdiyi bədii yozum real - gerçəkçi yanaşma ilə reallaşdığından, görünənlər duyulası dərəcədə inandırıcı və yaddaqalandırlar...
Rəssamın çəkdiyi rəngkarlıq və qrafik portretlərində də insan psixologiyasına nüfuz etmə istəyi hiss olunmaqdadır. Bunun üçün müəllifin seçdiyi bədii yanaşma da məntiqlidir. Belə ki, real-gerçəkçi vasitələrlə müxtəlif insan yaşantılarının daha inandırıcı ifadə etmək mümkündür.
Sonda məlumat üçün bildirək ki, həyat yoldaşı, tanınmış fırça ustası Qüdrət Qurbanovla birlikdə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə təhsil almış İlhamə xanım çoxdandır ki, Moskvada yaşayır. Odur ki, İlhamə xanımın bədii irsi Azərbaycanla yanaşı, Rusiyanın, o cümlədən də dünyanın bir çox ölkələrinin də sənət xiridarlarına tanışdırlar. Belə ki, Beynəlxalq Bədii Fondun və “Dünya xalqlarının incəsənəti” Beynəlxalq assosiasiyasının üzvü olan həmyerlimiz həmin qurumlarda öz yaradıcılığında ənənə və müasirliyin qovşağını yaşadan sənətkar kimi tanınmaqdadır. O, həm də Rusiya Xalqlar Dostluğu Universitetinin “Landşaft memarlığı” üzrə məzunudur. Əlavə edək ki, o, Beynəlxalq “Naxçıvan bəşəriyyətin beşiyidir”(2012) və “Qəbələ-2016” rəsm festivallarının iştirakçısı olmuş, 2013-cü ildə Marina Svetayevanın ev-muzeyində fərdi sərgisi təşkil olunmuşdur...
P.S. Yazı "Mədəniyyət" qəzetinin 15 sentyabr tarixli sayında çap olunub.
Ziyadxan Əliyev
Əməkdar incəsənət xadimi, professor