Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan qadını xalqımızın adını həmişə uca tutub

Azərbaycan qadını xalqımızın adını həmişə uca tutub
8-03-2021, 21:16 1 370 dəfə baxılıb

Vetenim-Azerbaycandir.az
Bu il xalqımız təqvimdə bayram qırmızısına boyanmış Martı fərqli qeyd edir.
Azərbaycan qadını bugünkü bayramını qalib ruhda qarşılayır. Bir gözü müharibədə oğlunu, qardaşını, ərini, nişanlısını itirən hər bir Azərbaycan qadını üçün ağlayır, digər tərəfdən o, Azərbaycan qadınının fədakarlığı və qeyrəti sayəsində qəddini düzəldir. Qadın ümumiyyətlə fədakardır, türk qadını ələlxüsus. Hər millətin bir alın yazısı olduğu kimi türk millətinin də taleyinə dörd bir tərəfindən atılan daşları geri çevirmək, şərəfini hər şeydən uca bilib yağılarla savaşda haqqının tapdanmasına imkan verməmək, zalıma aman verməmək yazılıb.
“Aslanın erkəyi, dişisi olmaz” deyir dahi Nizami. “Dədə Qorqud”, “Koroğlu” dastanlarında Azərbaycan qadını qorxmaz, cəsur qadın kimi təsvir edilir, el-obasının müdafiəsində kişilərlə çiyin- çiyinə vuruşur. Həmin nər qadınların soyundan gələn, mərdliyi, qeyrəti ilə seçilən qadınlarımızın tərbiyə etdiyi övladlar bu gün millətimizin alnını açıq etdi. Xüsusilə, Şuşa uğrunda döyüşlərdə həmin oğullar qəhrəmanlıq dastanı yazdılar.
Xalqımızın çətin günlərində vətəndaş cəmiyyəti olaraq fəallığı ilə seçilən, İkişaf və Rifah naminə İctimai Birliyin sədri, sosioloq Zəminə Səfərova Eurasia Diary-yə danışıb.
İkinci Qarabağ müharibəsi zamanı çox sayda qadınlarımız öz oğlunu, ərini, qardaşını, yaxınlarını itirdi. Ancaq vətən qarşısında borcunu, Qarabağ həsrətini və erməni cəlladlarının xalqımıza qarşı törətdiyi vəhşilikləri, namusu tapdanmış qız-gəlinlərimizi göz önünə gətirib başlarını dik tuturlar. Zəminə xanım, Azərbaycan qadınının zehniyyətində vətən anlayışı necə əks olunub?
 
- Bir zirvə var dünyada! Şəhidlik zirvəsi deyirlər adına. Bu zirvə elə bir yerdədir ki, oradan Vətən görünür. O Vətən ki, torpağı şəhid qanı ilə yoğurulur. Elə şəhid anası da torpağı sevir, ona deyir sözünü, göz yaşını da torpağa axıdır. Axı oğlu da o torpaq bölünməsin deyə, keçmişdi öz şirin canından. Deyirlər ki, “Oğul var evdən gedir, oğul var eldən”. Onlar təkcə öz ailələrinin deyil, Vətənin oğullarıdır, anamız Azərbaycanın ən dəyərli oğulları. 30 ildir, davam edən müharibənin qəhrəmanlarının öz ölümləri ilə, qanları ilə tarix yazan şəhidlərin ruhu neçə gündür, sevinir!
 
Oğlu şəhid olmuş anaların qarşısında hər birimiz baş əyirik,əllərindən öpürük. O analar ki, bu gün oğullarını vətən yolunda,torpaqlarımız yolunda şəhid olmalarına baxmayaraq başlarını dik tuturlar, şəhid olmuş oğulun dəfnində Vətən sağ olsun söyləyirlər. Şəhid anaları, bacıları, həyat yoldaşları, övladları qələbə günü hamısı şad xəbəri aldıqları gün şəhidlərin məzarına getdilər. ...Müjdə verməyə! İgid oğullar, qisasınız alındı! Qanınız yerdə qalmadı !.. deməyə.
 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid anaları ilə görüşlərinin birində belə bir fikir səsləndirmişdi: “Şəhid anaları QƏHRƏMAN ANALARDIR!”.
 
Həqiqətən də Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər. Azərbaycan qadınları öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutublar. Azərbaycan qadınları xalqımıza yeni tarix yazan oğullar dünyaya gətirdilər və bu vətən yolunda canlarından keçdilər ölkəmizə Zəfər müjdəsini nəsib etdilər. 
 
Uzun illərdir ki, vətəndaş cəmiyyətinin nümayəndəsi kimi fəaliyyet göstərirsiniz. Bu müddətdə qadınlarla bağlı hansı problemlər var idi? Onların yaşantıları barədə danışardınız.
 
- Mən 1998-ci ildən Vətəndaş Cəmiyyətinin fəal üzvüyəm. 22 ildir QHT-da müxtəlif layihələrdə məcburi köçkün, qaçqınlarla, 8 il BMT-nin Miqrant Qaçqın Qadın və Gənclər Mərkəzinin rəhbəri vəzifəsində çalışmışam. Hal-hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) sosial işçiyəm. Yenə də öz missiyamı davam etdirirəm. Bütün layihələrdə məcburi köçkün, qaçqınlar məskunlaşan əhali ilə çox sıx təmasda oluram. Onların 30 ilə yaxın yaşadıqları bütün ağrılı-acılı, sevincli-kədərli günlərində hər zaman yanlarında olmuşam. Əlbəttə evini, obasını, isti ocağını itirib gələn insanların nələr yaşadığını, hansı hisslər keçirdiklərini bir Qarabağlı kimi, həmin o çətin günləri keçmiş adam kimi çox gözəl anlayıram. Qadınlarımızın əməyini, fədakarlığını xüsusilə qeyd etmək istərdim.
 
Hər şeyi itirib və hər şeyi yenidən qurub yaratmağın nə qədər çətin olduğunu anlamaq gərəkdir. Yerdəyişmə insanlar arasında çox xoşagəlməz fəsadlar yaratdı. İqlimə, şəraitə uygunlaşmaq üçün uzun illər çətinliklər oldu. Kəndin-şəhərə axını əlbəttə gözlənilməz oldu, insanlar işsizlik, yaşamaq üçün şərait, ev, sosial yardım və sairələrdən çox əziyyət çəkdilər. Lakin illər keçdikcə dövlət qayğısını daha da gücləndirdi və məcburi köçkün düşən ailələri evlə təmin etdilər, birdəfəlik sosial yardımlar verildi, kommunal xərclərdən azad edildilər, təhsil ocaqlarında, səhiyyədə xeyli güzəştlər edildi. Əlbəttə, bunlar hamısı dövlətin böyük qayğısı, diqqəti sayəsində idi.
 
44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI