Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əlində qələm əvəzinə şirinçay tutanlar - Sosioloq erkən nikah bəlasından danışdı

Əlində qələm əvəzinə şirinçay tutanlar - Sosioloq erkən nikah bəlasından danışdı
10-02-2021, 00:23 1 732 dəfə baxılıb

Vətənim-Azərbaycandir.az
Azərbaycan dövləti və cəmiyyəti artıq xeyli müddətdir ki, erkən nikah hallarına qarşı mübarizə aparır. Ölkəmizin bu mənada ciddi uğura imza atdığını söyləmək olar.
Bu səbəbdən də, fevralın 8-də iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan foto və video görüntülər cəmiyyəti həqiqətən də şoka salıb. Xəbərdə, 11 yaşlı qızcığazın 15 yaşlı dayısı oğluna nişanlandığı bildirilir. Düzdür, hadisə Azərbaycanda deyil, Gürcüstanda qeydə alınıb. Amma “nişanı” olan uşaqlar... azərbaycanlılardır.
Bu “nişana” yalnız körpələrin qohumlarının sevindiyini desək, yanılmarıq. Xəbəri oxuyan, foto və video görüntüləri görən hər kəs isə öz mənfi münasibətini bildirib.
Bu, erkən nikahla bağlı çoxsaylı faktlardan biridir. Etiraf edək ki, ictimailəşdirilməyən, diqqətdən kənarda qalan xeyli belə fakt var.
Erkən nikahların səbəbləri və fəsadları nələrdir? Uşaqlarımızın qadın və kişi olaraq hələ tam yetişmədiyi erkən yaşlarda evliliyə məcbur edilməsinə qarşı necə mübarizə aparmalıyıq?
Problemlə bağlı müraciət etdiyimiz sosioloq Zəminə Səfərova bildirib ki, Gürcüstanda qeydə alınmış bu faktı ciddiyə almamaq, yan keçmək və laqeyd qalmaq mümkün deyil: “Gürcüstan qanunvericiliyində evlilik üçün minimal yaş həddi 18 yaş olsa da, azərbaycanlıların toplum halda yaşadıqları ərazilərdə erkən evliliyə, uşaq yaşlarında qızların ərə verilməsinə dair xəbərlər alırıq və bu, hər birimizi narahat edir. 11 yaşında qızın “nişanlanması”, sözsüz ki, öz ağlı, razılığı ilə olan nikah hadisəsi deyil. Burada “razılıq” da, məcburiyyət də valideynlərdən gəlir və günah, cinayət məsuliyyəti onların üzərinə düşür. Videogörüntüdən də görünür ki, nişan hamının razılığı ilə, xoşluqla aparılır. Yəqin ki, həm Gürcüstan, həm də Azərbaycanın aidiyyatlı orqanları bu hadisəyə reaksiya verəcəklər”.Sosioloqun sözlərinə görə, bəzi ailələr qıza təhsil vermək, ona faydalı peşə-sənət seçməkdə yol göstərmək, gələcəkdə heç kimdən asılı olmaması üçün özünün şəxsi büdcəsi və karyerası olmasına şərait yaratmaq əvəzinə, çox təəssüf ki, mentalitetdən irəli gələn erkən nikaha daxil olmağa məcbur edirlər. “Mentalitetimizdə isə "qarımış qız", "qız yükü duz yükü", "tez evlənənlə tez yuxudan duran qazanar" kimi yanlış stereotiplər hələ də qalmqdadır” – deyə, ekspert bildirir.
Zəminə Səfərova qeyd edir ki, buna bəzi valideynlərin qızlarını cinsi təcavüz və zorakılıqdan qoruyacağı düşüncəsi, ailənin maddi vəziyyəti, kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri səbəb olur: “Kənd qızlarının işlə təmin olunmalarındakı çətinliklər və çarəsizlik, kəndlərdə kişilərin böyük şəhərlərə, başqa ölkələrə üz tutub getməsi, ailə qura bilməmək qorxusuna səbəb olması da səbəblərdən biridir. Valideynlər dərk etməlidirlər ki, 18 yaşına çatmadan ailə quran qızlar daha yetkin yaşda nikaha girənlərə nisbətən daha çox şiddət qurbanı olurlar. Bu, xüsusilə qız və onun həyat yoldaşı arasındakı yaş fərqində ortaya çıxan vəziyyətdir”.
Onun sözlərinə görə, fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır: “Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətindən birbaşa asılıdır. Yeniyetmə qızlarda bu dövrdə bir çox xroniki xəstəliklərin, ən çox da xərçəng xəstəliyinin kəskinləşdiyini xüsusi qeyd edirlər. Erkən nikahlar təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur, intihar hadisələrinin sayı artır. Bir müddət sonra erkən nikahın qurbanı olan gənc ana öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır. Boşanma hallarının sayı artır, erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır”.
Ekspert bildirir ki, bunun qarşısını almaq üçün ilk növbədə rayon və kənd yerlərində, məktəblərdə tək gənclərlə deyil, müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları həm də valideynlərlə ciddi maarifləndirmə işləri aparılmalı, xüsusilə də bu maarifləndirməyə ataları cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır.
“Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaq. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqlar. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu – cinayət olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını anlatmaqdan ibarət olmalıdır” – deyə, sosioloq əlavə edir.  
Onun sözlərinə görə, bu sahədə qanunun aliliyi təmin edilməlidir: “Qızların təhsildən yayındırılaraq ərə verilməsi probleminin həlli istiqamətində əlaqədar şəxslərin cinayət və inzibati məsuliyyəti qanunvericilikdə öz əksini geniş tapmalıdır. Həmçinin vətəndaş məsuliyyəti artırılmalı, erkən nikaha daxil olaraq zorakılığa məruz qalmış qızlara sosial-psixoloji reabilitasiya yardımı göstərilməli, erkən nikahın acı nəticələri və məişət zorakılığı haqqında məktəblərdə mütəmadi təlimlər keçirilməli, və maarifləndirici materiallar hazırlanmalıdır. Gəlin unutmayaq ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI