20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Tam bir şok yaşanır: Əliyev hansı addımı atacaq?
Ötən gün Azərbaycan XİN-in İrana rəsmi nota təqdim etməsi, Qarabağa yük daşıyan ağırtonnajlı yük maşınları ilə bağlı hesabat istənilməsi, paralel olaraq Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarından bəyanatın şərtlərini yerinə yetirməyi tələb etməsi Azərbaycanda da bəzilərinin “mən deyən oldu” tipində əndrəbadi manipulyasiyaları və siyasi populizm cəhdləri ilə müşayiət olunur.
Guya İlham Əliyev “nəyi, nə vaxt və necə” etmək lazım olduğunu bilmirmiş, bunlar bilirmiş; guya Azərbaycan Ordusunu 10 noyabrda Ali Baş Komandan yanlış olaraq dayandırdı və bu problemin birdəfəlik həllinə nail olunmasının qarşısını aldı.
Əvvəla, bu populistlər düşünmür və ya etiraf etmək istəmirlər ki, müharibə üçün ideal məqamı, vaxtı və məkanı seçən məhz İlham Əliyev idi. Niyə 2016-cı ilin aprelində yox, 2018-ci ilin mayında yox, elə 2020-ci ilin iyulunda yox, məhz 27 sentyabrda “Vur” əmri verildi? Niyə bu tarix seçilmişdi? Niyə elə bir tarixi an, məqam, geopolitik zaman seçildi ki, Rusiya, KTMT ən azı siyasi-hərbi baxımdan açıq şəkildə neytral qaldı, Fransa isə neytrallaşdırıldı! Niyə məhz ABŞ-ın başının qarışdığı, ölkə tarixində ən qalmaqallı və miqyaslı seçki ehtirasının yaşandığı ərəfədə Ordumuz girdi?
Əslində bunlar ritorik suallardır və cavablarını hər kəs bilir – biz sadəcə, yada salırıq. Bəs siz nəyin etirafını etmirsiniz?
İkincisi, 27 sentyabrda savaş başlayanda təkcə bu demaqoqların yox, elə bütün xalqın ağlından belə keçmirdi ki, Azərbaycan keçmiş Dağlıq Qarabağın sərhədlərinə ordu ilə daxil ola bilər. Hər kəs inanırdı ki, bir neçə rayon geri alınandan sonra döyüş dayanacaq, Azərbaycan Ordusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sınırlarında ayaq saxlayacaq və bundan sonra münaqişənin siyasi həlli prosesinə start veriləcək. İlham Əliyev isə Hadrutu və Suqovuşanı geri alandan sonra birbaşa “Şuşa!” dedi – istəyinə də nail oldu.
Hansınızın bu cəsarəti vardı? Hansınız bunu təsəvvür edirdiniz? Hətta oktyabrın son günlərində belə Şuşanın azad olunması yalnız xəyal idi...
Üçüncüsü, İlham Əliyev atəşkəsə imza atmaqla yağış və soyuqların başladığı bir vaxtda Kəlbəcər istiqamətində, çətin relyef şəraitində hərbi əməliyyatların ağırlığını nəzərə almırdımı? Bir güllə atılmadan Kəlbəcər azad edildi.
Ağdamın başdan-başa mina, bunkerlər olduğunu hər biriniz gördünüz – İlham Əliyev bir itki vermədən Ağdamı geri aldı. O cümlədən Laçını...
Dördüncü, düşmən işğalında 12 rayonumuz vardı, 7-si birmənalı geri alındı və indi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 4,4 min kv/km ərazisinin 40 faizə qədərində Ordumuz dayanır, digər 60 faizi isə Ordumuzun gözünün önündə, ayaqları altındadır.
Beşincisi, Ordumuzun Xankəndiyə girməsi ermənilərin Fransanın dəstəyi ilə ciddi təbliğatı üçün böyük əsaslar verə, Azərbaycana sanksiyalar və ciddi siyasi təzyiqlərin əsasını qoya bilərdi. İlham Əliyev 3 rayonu atəşsiz geri alandan sonra Xankəndini diplomatiya ilə geri qaytarmaq yolunu dəqiqliksə hesablayıb. Çünki nəyi, necə, nə vaxt etmək lazım olduğunu zərgər dəqiqliyi ilə bilir – sizin bu sözü indi dırnaq içərisində işlətməyinizdən fərqli olaraq.
Bura Naxçıvan istiqamətində rus helikopterinə qarşı təxribatı, Xırdalan üzərində 10 noyabrda partlayan 2 ballistik raket müəmmasını da əlavə edin və Rusiyanın gücünü, imkanlarını düzgün qiymətləndirin. Məhz İlham Əliyevin qeyri-adi, bütün məsuliyyətimlə bu sözü işlədirəm, Fövqəladə Diplomatik Bacarığı və misilsiz uzaqgörənliyi, eyni zamanda, digər dövlət başçıları ilə münasibətlərində şəxsi keyfiyyətləri - ləyaqəti, mərdliyi, yeri gəldikdə səxavəti ilə qazandığı nüfuzu sayəsində 44 günlük savaşın bu cür nəticələri oldu.
Xatırlayıram, 2014-cü ildə Ukraynada parçalanma başlayanda Leonid Kuçma bircə söz demişdi: “Bu məqamda bizə öz Heydər Əliyevimiz lazımdır, təəssüf ki yoxdur!”
Aradan 7 il keçir və dünyada onlarla bu tip münaqişələr içərisində yalnız Azərbaycanın qazandığı uğur sensasiya yaradır, bunun nümunəsi öyrənilir və Ukraynanın məşhur siyasət, elm adamları, keçmiş prezidentlərinin iştirak etdiyi canlı müzakirədə indi də bu sözlər səslənir: “Bizim İlham Əliyevimiz yoxdur!”
Avropa, Ukrayna, Gürcüstan dövlət xadimlərinin, siyasətçilərin, politoloqların şərhləri də, düşüncələri də bu istiqamətdədir.
Ötən gün Azərbaycan MN Rusiya MN-ə xəbərdarlıq etdi, Azərbaycan XİN isə İrana nota verdi. Hanı əks-reaksiyası? Hanı cavab?
Azərbaycan müstəqilliyi tarixində İrana neçə dəfə nota təqdim edib?
Azərbaycan müstəqilliyi tarixində Rusiyaya nə vaxt və necə xəbərdarlıq edib?
İrana verilən notaya və yaxud Rusiyaya verilən xəbərdarlığa cavablar necə olurdu? Xatırlayırsınızmı?
Xatırlamayanlara xatırladıb: aşağılayıcı, ələsalıcı, istehzalı və yaxud kəskin aqressiya ilə...
İndi heç bir mənfi reaksiya yoxdur – necə ki, bir müddət öncə Jirinovskiyə görə Rusiyaya nota verilmişdi. O notadan sonra Jirinovski həmişə Heydər Əliyev və İlham Əliyevi təriflədiyini açıqladı, yəni sözlərindən geri durdu. Ona kim qulaqburması vermişdi?
İş o yerə çatır ki, İsfəndiyar Vahabzadə Jirinovskinin simasında rus xalqını təhqir edir, Jirinovski isə onun cəzalandırılması üçün İlham Əliyevə müraciət edəcəyini deyir.
Nəticəni görürsünüzmü?
Bəli, İlham Əliyev ən ideal zamanı özü seçir, özü hesablayır: lazım olduğu anda da addım atır və o addımların necə böyük nəticələr verdiyini biz çox yaxşı bilirik.
Əminəm, dünənki bəyanat, nota və xəbərdarlıqların bir günə düşməsi də təsadüf deyil, onun nəticələri də əvvəlcədən hesablanıb, vaxtı da, bundan sonra atılacaq addımlar da. Hətta Rusiya XİN-in Azərbaycanı, yumşaq desək, sevməyən Zaxarovası bu xəbərdaqlıqdan sonra cavabdan qabaq düşünməklə məşğuldursa, demək, zamanlama idealdır!
İlham Əliyev daha nələri hesablayıb və daha hansı addımları atacaq? Azərbaycana daş atanların yiyələri, yəni o Evlərin Kişiləri ilə nələri müzakirə edib?
Bunu təsəvvür etmək yalnız Azərbaycan deyil, dünya politoloqlarının imkanları xaricindədir.
İlham Əliyev hansı siyasi-iqtisadi hazırlıqlar aparıb, kimlərlə danışıqları davam etdirir? – yalnız təxmin və ehtimallar etmək olar.
Ancaq bir şey dəqiqdir: İlham Əliyev nəyi, necə və nə vaxt etmək lazım gəldiyini bildiyini elə bir nəticə ilə sübut edib ki, onun sözlərinə şübhə etməyə ona opponentlik etməyə uğursuz cəhdlər göstərənlərin siyasi düşüncəsi imkan vermir.
Əgər İlham Əliyev “status cəhənnəmdə yanmaqda davam edir və həmişə orda olacaq” deyirsə, demək, mütləq belə də olacaq! Heç bir şübhə ola bilməz.
Erməni mediasında Bakının dünənki siyasi-hərbi ritorikası tam bir şok yaşadır, politoloqlar İlham Əliyevin hansı addımı atacağını düşünməyə çalışır, cəmiyyətdə bir panika yaşanır.
Onlar yaxşı bilirlər: 10 min kv/km-dan çox – həm də tam minalanmış, bunkerləşmiş, “Ohanyan səddi” çəkilmiş, addım-addım istehkamlaşdırılmış, DÖRDQAT səngər müdafiəsi ilə möhkəmləndirilmiş ərazilər 44 günə geri alındısa, alınmaz Şuşa yalnız yüngül silahlarla, sıldırım qayaları əliyalın qalxmaqla 2 günə qaytarıldısa, 2,5 min kv/km ərazidə Azərbaycanın suveren hüquqularını bərpa etmək üçün Ordumuza neçə gün və yaxud saat lazım gələr? Həm də artıq sərhəd nəzarəti bərpa edilibsə və Qarabağa indi daşınan erməni birliklərinin silah təchizatı olmayacaqsa...
İlham Əliyevin kim olduğunu ermənilər bilir – ötən gündən içlərinə düşən panika da bunu göstərir. Yalnız bu vəziyyətdən çıxmaq üçün yollar axtarırlar və çox ciddi səhvlər etdiklərini də başa düşürlər.
Amma təəssüf ki, içimizdəki biriləri (bəziləri demirəm, çünki “bəziləri” sözünün həcmi çoxdur, “biriləri” isə məhz “biriləridir”) ya tanımır, ya da etiraf etməyə kişiliyi çatmır...
Müəllif
Şeyx Teymur