Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rəşad Mahmudov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dostluq və qardaşlığa əsaslanır

Rəşad Mahmudov: Azərbaycan-Türkiyə-Pakistan münasibətləri dostluq və qardaşlığa əsaslanır
30-07-2021, 16:00 301 dəfə baxılıb

Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycanla Türkiyə və Pakistan arasında qarşılıqlı münasibətlər və səmərəli əməkdaşlıq hörmət və etimada əsaslanır. Hər zaman olduğu kimi, bu gün də hər üç qardaş və dost dövlət tərəfindən üçtərəfli formatda qurulan münasibətlər dinamik inkişaf edir, xalqlar arasında bağlılıq getdikcə möhkəmlənir. Qırx dörd günlük Vətən müharibəsinin gedişində Pakistan və Türkiyə tərəfindən Azərbaycana göstərilən mənəvi-siyasi dəstək də bunun bariz ifadəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Rəşad Mahmudov deyib: “Hazırda Azərbaycanla Türkiyə və Pakistan arasında münasibətlər özünün yeni inkişaf mərhələsinə daxil olub. Bu, Milli Məclis tərəfindən parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünün reallaşması, tarixi Bakı Bəyannaməsinin imzalanması ilə öz təsdiqini tapıb.
Bu sənədlə bağlı fikirlərimi bölüşməzdən əvvəl diqqəti iki dost və qardaş ölkənin– Türkiyə və Pakistanın Azərbaycana olan münasibətlərinə yönəltmək istərdim. Əvvəla, qeyd edim ki, ortaq maraqların və dəyərlərin birləşdirdiyi Azərbaycan-Türkiyə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. Vətən müharibəsi günlərində Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz nümunədir. Belə ki, savaş dövründə ilk günlərdən etibarən Türkiyə Prezidenti açıqlamalar verirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əslində, bu, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün bir mesaj idi, yəni, “kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın” anlamını ifadə edirdi. Başqa sözlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını hədsiz sevindirirdi”.
Rəşad Mahmudov sözlərinə əlavə edərək bildirib ki, qardaşlıq, dostluq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən sonra da daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Tarixən formalaşan Azərbaycan– Pakistan əməkdaşlığı daim diqqət çəkib. Belə ki, Pakistan ölkəmizin müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biri olub. Eyni zamanda, bu dost və qardaş dövlət ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib, Ermənistanın təcavüzünə birmənalı münasibət bildirib, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa sədrlik edib.
Deputat bildirib ki, ötən dövr ərzində Azərbaycan və Pakistanın dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi, həmçinin işgüzar səfərləri zamanı imzalanan sənədlər çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm hüquqi baza yaradıb. Beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərdə aparılan yüksək səviyyəli siyasi dialoq ən müxtəlif sahələrdə münasibətlərin inkişafına, əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsir göstərib. Pakistanla bağlı ən mühüm məqam odur ki, bu dövlət Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayıb və işğalçı ilə diplomatik əlaqələr qurmayıb. Dost Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Rəşad Mahmudov qeyd edib ki, Pakistan parlamentinin Qarabağ münaqişəsi və Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı barədə qəbul etdiyi bir sıra qətnamə və bəyanatlar da bu dəstəyin önəmli hissəsidir. Pakistan parlamentinin Vətən müharibəsi dövründə də prinsipial mövqeyini birmənalı şəkildə ifadə etməsi Azərbaycanda yüksək qiymətləndirilir: “Çətin, ağır sınaqlardan şərəflə çıxan qardaş ölkələr olan Azərbaycan, Pakistan və Türkiyənin parlament sədrlərinin iyulun 27-də yeni formatda keçirilən ilk görüşünün yekununda qəbul olunan Bakı Bəyannaməsi ilə bu dövlətlər arasında münasibətlərin inkişafının yeni mərhələsi başlayıb. Bu sənəddə parlament sədrləri tərəfindən Azərbaycan, Pakistan və Türkiyə arasında tarixi və mədəni əlaqələrin daha da dərinləşdirilməsi, parlamentar dialoqun və əməkdaşlığın gücləndirilməsi zəruriliyi nəzərə alınaraq, qardaş ölkələrin xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsi qərara alınıb. Bununla yanaşı, mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrini təşviq etmək məsələsinin daim diqqətdə saxlanılması xüsusi vurğulanıb”.
Deputat sonda diqqətə çatdırıb ki, Bakı Bəyannaməsində, həmçinin Azərbaycan, Pakistan və Türkiyənin bölgələrindəki sülh, sabitlik və inkişafa bundan sonra da xüsusi əhəmiyyət vermək, bu ərazilərdə təhlükəsizlik və rifahın təmini üçün adları çəkilən qardaş ölkələr arasında daha əhatəli iş birliyinin strateji önəmini dəyərləndirmək, xarici dəstəkli terror təhdidi daxil, kiber hücumların, hibrid savaş formalarının, hədəfli dezinformasiya kampaniyalarının, habelə bir sıra dövlətlərdə müsəlman toplumların barış içində bir arada yaşamasını reallaşdıran, artan islamafobiya tendensiyası şəraitində ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliyin aradan qaldırılması kimi önəmli məsələlər öz ifadəsini tapıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI