Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hərbi xidmətlə bağlı qanuna dəyişikliklər Ordunun müdafiə qabiliyyətini gücləndirəcək

Hərbi xidmətlə bağlı qanuna dəyişikliklər Ordunun müdafiə qabiliyyətini gücləndirəcək
14-12-2024, 22:29 100 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanda hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi həm strateji zərurət, həm də zamanın tələbidir.
təklif olunan dəyişikliklər milli təhlükəsizliyi gücləndirmək, vətəndaşların hərbi xidmətə hazırlığını təmin etmək və səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.
Belə ki, "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə əlaqədar normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Psixiatriya yardımı haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanunu"nun layihəsi hazırlanıb. Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə təqdim edilib.
Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan "Qeyd" hissəsində "çağırışdan boyun qaçırma" anlayış olaraq əhatə dairəsi dəqiqləşdirilib. Belə ki, "çağırışdan boyun qaçırma" dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.
Bununla yanaşı, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, bu barədə çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Miqrasiya Məcəlləsinə dəyişikliklər təklif olunub.
Layihədə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda istifadə edilən termin və anlayışlara aydınlıq gətirilməsi məqsədilə "tibbi şəhadətləndirilmə", "elektron kabinet" və "çağırış vərəqəsi" anlayışları əlavə edilib.
Beynəlxalq təcrübə nəzərə alınaraq, Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan yaş həddi 35-dən 30-a endirilməsi ilə bağlı qanunda zəruri dəyişikliklər edilib.
Həmçinin, layihədə nəzərdə tutulan dəyişiklik əsasında müasir dövrün tələblərinə uyğun olaraq iş prosesinin optimallaşdırılması, rəqəmsal idarəetmənin genişləndirilməsi və elektron xidmətlərin təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar nəzərdə tutulub.
Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı Qanunun 21-ci maddəsi yeni redaksiyada verilib. Həmin maddəyə verilmiş təkliflərdə ali təhsil səviyyələri üzrə möhlətlərin yaş hədləri müəyyənləşib, eyni zamanda dövlət proqramları və səlahiyyətli orqanlar tərəfindən xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılarla bağlı müvafiq möhlətin verilməsi ilə bağlı da təkliflər edilib.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan əsasların dairəsi müəyyənləşdirilib.
Çağırış üçün yaş həddinin azaldılması çağırış kontingentinin fiziki və mənəvi cəhətdən daha dayanıqlı olmasını təmin edəcək. Bu, orduya daha çevik və hazırlıqlı ehtiyatların cəlb edilməsinə imkan yaradacaq. Belə ki, gənclərin fiziki hazırlığı və motivasiyası ən yüksək səviyyədə məhz bu yaş dövründə olur. Beynəlxalq təcrübəyə əsaslanaraq, bir çox ölkələrdə çağırış yaşının həddi 30-dan aşağı müəyyən edilib.
Bununla yanaşı, təhsil və hərbi borcun yerinə yetirilməsi arasında balansın təmin edilməsi dövlətin gənclərin təhsil alması üçün geniş imkanlar yaratdığını göstərir. Lakin bu imkanlar hərbi xidmət borcunun yerinə yetirilməsini arxa plana keçirməməlidir. Təklif olunan dəyişikliklər bakalavrlar üçün 24 yaşa qədər, magistrlər üçün isə 26 yaşa qədər möhlətin verilməsini nəzərdə tutur. Bu, gənclərə təhsillərini vaxtında tamamlamağa şərait yaratmaqla bərabər, təhsil və hərbi borc arasında tarazlığın qorunmasına xidmət edir. Digər ölkələrin təcrübəsi göstərir ki, təhsildə gecikmələrin qarşısını almaq həm intellektual potensialı, həm də milli müdafiəni gücləndirir.
Dəyişikliklərə əsasən, orta ixtisas təhsili alan şəxslər üçün çağırış yaş həddinin 21 yaşla məhdudlaşdırılması onların gənc yaşda hərbi xidmətə başlamasını və peşəkar həyatlarına daha erkən inteqrasiya olunmasını təmin edir.
Bununla yanaşı, tibbi müayinəyə gəlməməyə görə məsuliyyətin müəyyən edilməsi məsuliyyətsiz davranışların qarşısını almağa yönəlib.
Qanun layihəsində yer alan çağırışçılar və ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatı və yaşayış yerinin dəyişməsi barədə məlumat verilməməsinə görə inzibati məsuliyyətin müəyyən edilməsi mövcud qanunvericilikdə dövlət orqanlarının çağırış prosesinə dəstək verməsi nəzərdə tutulur. Çağırışçıların və ehtiyatda olan hərbi vəzifəlilərin dəqiq uçotu, yaşayış yerini dəyişən şəxslərin məlumat verməsi onların müdafiə qabiliyyəti baxımından həyati əhəmiyyət daşıyır.
Uçot və idarəetmə proseslərinin rəqəmsallaşdırılması isə elektron texnologiyaların tətbiqi hərbi qeydiyyatın şəffaflığını artırır, vaxt və resurs itkisini minimuma endirir.
Bu qanun layihəsinin qəbul edilməsi, həmçinin çağırışçıların tibbi müayinəsinin daha çevik və effektiv şəkildə həyata keçirilməsini təmin edəcək və müxtəlif orqanlar arasında koordinasiyanı asanlaşdıracaq, elektron xidmətlərin genişləndirilməsi ilə yanaşı, iş prosesləri müasir tələblərə uyğun optimallaşdırılacaq, habelə bu istiqamətdə hüquqi boşluğun aradan qaldırılması, dövlət nəzarətinin gücləndirilməsi təmin ediləcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI