Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

HEYDƏR ADLI GÜNƏŞ SÖNMƏZ

HEYDƏR ADLI GÜNƏŞ SÖNMƏZ
12-12-2024, 11:36 212 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Heydər Əliyevin tarixi obrazı xalqımızın yaddaşında və qəlbində əbədi iz salmışdır. Çünki Heydər Əliyevin dünyaya gəlişi sıradan bir gəliş olmamışdı. O, Millət üçün, Vətən üçün, Xalq üçün doğulan, arzusu, əməli və zəkasıyla vətənini ucaldan, millətinin gözünə nur olan dahi şəxsiyyət idi. Əbəs yerə Heydər Əliyevə Azərbaycan xalqının Xilaskarı deyilmir. O, doğma məmləkətin taleyin amansız hökmünə məruz qaldığı - parçalanmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda bütün çətinliklərə, mərhumiyyətlərə baxmayaraq doğma vətəninə qayıtdı, soydaşlarının harayına çatdı. Məlum 90-cı illərin siyasi qarşıdurmaları, ölkənin vətəndaş müharibəsinə sürükləndiyi bir vaxtda polad iradəsi, əyilməz vüqarı ilə özünü xalqına sipər etdi. Xalqı vahid bir ideologiya ətrafında birləşdirməyə, dövləti yenidən qurmağa başladı. 
Heydər Əliyevin memarı olduğu Müstəqil Azərbaycan dövləti illər sonra ərazi bütövlüyünü təmin edərək işğal altında qalan torpaqlarını düşmən tapdağından azad etdi. Uzun illər sonra qazanılan tarixi Zəfər, heç şübhəsiz öz mayasını Heydər Əliyev zəkası, Heydər Əliyev dühasından almışdır. 
Ulu Öndərimizin layiqli siyasi varisi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim”. Bəli, vətən torpaqlarının işğaldan azad edilməsi, xalqın 30 illik yurd həsrətinə son qoyulması, müdrik bir atanın oğula ən müqəddəs vəsiyyəti, pozulmaz andı kimi başa düşülməlidir. 
Qeyd etdiklərimiz Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində müstəsna xidməti olan tarixi şəxsiyyət olaraq yaddaqalımlığını şərtləndirən mühüm amillərdir. Bəs poeziyada necə? Heydər Əliyevin obrazı poeziyamızda hansı ştrixlərlə seçilir? Bu suala cavab vermək Heydər Əliyevin tərcümeyi-halının bütün incəliklərinə varmağı tələb edir. Çünki hakimiyyətdə olduğu dönəmlər onun poeziyaya, şeirə, sənətə olan sevgisi kimi daha qabarıq önə çıxır. Heydər Əliyev xalqı və dövləti qorumağın, uca tutmağın, onun milli mənlik qürurunun gizləndiyi, ehtiva olunduğu məqamların nələrdə, hansı dəyərlərdə ehtiva olunduğunu yaxşı bilirdi. 
Vaxtilə Heydər Əliyev “Ən çox sevdiyin şair kimdir?” sualına Şəhriyar, “ən çox sevdiyin şeir hansıdır” sualına isə Səməd Vurğunun “Azərbaycan” şeiridir deyə cavab vermişdi.
Heydər Əliyevin poeziyada obrazı hakimiyyətdə olduğu iki fərqli mərhələdə fərqli statuslarda poetik dövriyyəyə gətirilir. Birinci mərhələdə Heydər Əliyev daha çox siyasi xadim olaraq quruculuq lideri, ədəbiyyatın, mədəniyyət və incəsənətin hamisi olaraq irəli çəkilir. Bunu görkəmli liderin fəaliyyətindən bəhs edən bütün müəlliflər birmənalı şəkildə vurğulayırlar ki, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu möhtəşəm əsərin möhkəm əsaslarını o, hələ keçmiş sovet hakimiyyəti illərində formalaşdırmışdı. 
Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı poeziyada böyük coşğu, sevgi ilə tərənnüm predmetinə çevrildi. 
Musa Urudun “Haqqın var yaşamağa” (1993), Yusif Nəğməkarın “Qurtuluş” və “El atası” şeirlərində də Heydər Əliyevin xilaskar obrazı yaradılır. 
Baba Vəziroğlunun “Xalq Heydər söyləyəcək” şeiri Heydər-Xalq bütünlüyünü təsdiq pafosu əsasında yazılmışdır. “Xalq Heydər söyləyəcək” şeir-nəğməsini “Heydər Əliyevin əziz xatirəsinə oda” hesab edənlər yanılmır. Şair böyük siyasətçiyə milli idealın, dövlətçilik təfəkkürünün güzgüsündə nəzər yetirir. Onun millətin dirçəlişi, xilası və nicatı naminə gördüyü işlərin mahiyyətini üzə çıxarır. Xalq, vətən miqyasında mənəvi vəhdət, tamlıq və bütövlük naminə yaşanan rəhbər ömrü Heydər Əliyev şəxsiyyəti üçün səciyyəvi keyfiyyət olaraq mənalanır: 
Sən bu çətin zamanda gücümüz, qüvvətimiz,
Sən bizim bu dünyada ən böyük sərvətimiz.
Millətin imzası var imzaların içində
Sənə halaldır, halal ülvi məhəbbətimiz. 
Sən elə bir zirvəsən, küləklər neyləyəcək, 
Dünənim, bu günümsən, səninlədir gələcək. 
Nə qədər Azərbaycan, nə qədər bu millət var, 
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək! 
Mənsub olduğu xalqın arzusunu, sevincini, kədərini ürəyində göyərdən bu ulu şəxsiyyət, öz varlığını, həyatını xalqına bəxş edərək əbədiyyət yuxusuna daldı, əbədiyyət evinə köç etdi. Ancaq onun cismini tərk edən müqəddəs ruhu qədirbilən Azərbaycan xalqının mənəviyyatına, qanına, ruhuna hopdu və beləliklə Heydər Əliyev ölümsüzləşdi!
Şair Tahir Rzanın dili ilə söyləsək:
O, ölməmiş…
Ölə bilməz torpağından güc alanlar.
Arzularda, əməllərdə, duyğularda
         yaşayanlar, ucalanlar.
…O nur idi, sabah idi
Bu cahana arxa idi, pənah idi
Öz sözünə, məsləkinə, inamına
                               hakim idi.
İnsanlığa bəxş etdiyi
Nur sozalmaz, atəş sönməz, 
Allah haqdır,
Haqq bilir ki, Heydər adlı
İnam ölməz, Günəş sönməz!
Rzayeva Qərənfil Zeyqəm qızı
ADPU-nun Ağcabədi filialının Keyfiyyətin
 təminatı şöbəsinin müdiri, baş müəllim

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI