VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycanın BRICS-ə üzvlük üçün müraciət etməsindən sonra Türkiyə də sözügedən təşkilata qoşulmaq niyyətində olduğunu bildirib. Hər iki ölkənin müttəfiqliyini nəzərə alsaq, təşkilata üzvlüyün potensial olaraq ölkələr arasında iqtisadi-siyasi artım və inkişafı daha da artıracağı istisna deyil.
Mövzunu dəyərləndirən türkiyəli ekspert Engin Özer bildirib ki, bu gün BRICS sadəcə iqtisadi bir icmadır: "BRICS üzvlərinin hələ öz aralarında gömrük ittifaqı yoxdur və formalaşmağa başlayan yeni bir strukturdur. BRICS-in gələcəkdə necə inkişaf edəcəyini hələlik bilmirik, lakin onunla bağlı bir neçə variant gündəmdədir. Birincisi, üzv ölkələrin kredit ehtiyaclarını aşağı faiz dərəcələri və öz milli valyutaları ilə maliyyələşdirməkdir. İkincisi, bu ölkələr arasında ticarətdə dolları ləğv etməkdir. Amma təbii ki, BRICS bununla kifayətlənməyəcək və inkişaf edəcəyi təqdirdə bir neçə ildən sonra siyasi struktura çevriləcək".
"Türkiyə Avropa İttifaqına namizədliyindən imtina etmədən BRICSS-ə üzv ölkələrlə münasibətlərini yaxşılaşdırmağa və ticarətini artırmağa çalışır. Lakin hələlik rəsmi müraciət edilməyib. Ankara yalnız belə bir niyyəti olduğunu bildirib. Türkiyə Avropa İttifaqına namizədlik prosesindən vaz keçmir, həm BRICS-ə üzv ola bilər, həm də Aİ-yə namizədliyini davam etdirə bilər. Aİ buna qarşı deyil. Yəni, Türkiyə bu gün bu bloka üzv olsa belə, bu, Qərbdən uzaqlaşmaq anlamına gəlməməlidir", - deyə, ekspert vurğulayıb.
İqtisadçı ekspert Pərviz Heydərov isə bildirib ki, BRICS dünyanın aparıcı, inkişaf etmiş ölkələrinə qarşı yaradılan iqtisadi blokdur:
"Bu kimi təşkilatlanmaları biz daha çox hərbi-siyasi kontekstə görmüşük. Lakin görünən odur ki, dünyada iqtisadi xarakterli bloklaşma prosesi də getdikcə genişlənir və bu kimi bloklarda rəqabət qarşılıqlı iqtisadi maraqlar mühüm rol oynayır. Dünyanın iqtisadi cəhətdən aparıcı ölkələri ABŞ başda olmaqla Qərb ölkələridir. Amma böyük iqtisadi potensiala malik və coğrafi baxımdan da əlverişli mövqedə yerləşən bir sıra ölkələr də var ki, onların da iqtisadi cəhətdən sürətli inkişaf etmək potensialları olduqca böyükdür. Amma dünya iqtisadi arenasında rəqabət amilləri o qədər geniş və dərin xarakter daşıyır ki, hazırda iqtisadi cəhddən aparıcı hesab etdiyimiz ölkələr inkişaf etmək potensialında olan ölkələrin iqtisadi baxımdan irəliləməsində maraqlı deyillər və həmin ölkələrə resurs ölkələri - xammal mənbəyi kimi baxırlar. Ona görə, BRICS kimi iqtisadi xarakterli blokların, təşkilatların yaranması inkişaf etməkdə olan ölkələrin maraqları üçün, böyük əhəmiyyət kəsb edir. Bir növ dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri ilə münasibətdə həmin ölkələrin iqtisadi rəqabət və mübarizə imkanlarını genişləndirir".
"BRICS əsas etibarı ilə 5 ölkə arasında - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası arasında yaradılan bir blokdur. Adlarını çəkdiyim ölkələrdən Azərbaycan Rusiya ilə çox sıx iqtisadi əlaqələrə malikdir. Özü də bunun tarixi əsrlərlə ölçülür. Eyni zamanda, Azərbaycanın Çin ilə də qarşılıqlı iqtisadi əlaqələri mövcuddur və bu ölkə ilə də öz iqtisadi münasibətlərini daim inkişaf etdirmək marağındadır. Bundan əlavə, biz neftdən əldə etdiyimiz gəlirləri nəqliyyat sektoruna yatırmışıq və nəticədə Azərbaycan bu il çox mühüm bir logistik mərkəzə çevrilib. Biz həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətində nəqliyyat dəhlizi rolunu həyata keçirməkdəyik və bu sahədə də mövqeyimizi daha da inkişaf etdirmək, möhkəmləndirmək niyyətindəyik. Ona görə də bizim BRICS kimi iqtisadi bloka daxil olmaq istəyimiz başa düşülməlidir. Bunun ardınca isə Türkiyənin də bu bloka qoşulmaq istəyi təbii hesab edilməlidir. Çünki Azərbaycanın həmin qrupa daxil olmasından sonra Türkiyə kimi Azərbaycanla qarşılıqlı iqtisadi, siyasi və açıq ticari əlaqələrə malik Ölkənin bu qurumdan kənarda qalması məntiqli hesab edilə bilməz. Ona görə də bizim BRICS-ə qoşulmaq istəyimizi nümayiş etdirməyimizdən sonra Türkiyənin bu arzusu gözlənilən idi. Həm Azərbaycan, həm də Türkiyə bu təşkilata üzv olarsa, bu, nəinki hər iki ölkənin qarşılıqlı iqtisadi-ticari əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq, eyni zamanda, BRICS üzvləri arasında iqtisadi-ticari əlaqələrin həyata keçirilməsində də mühüm rol oynayacaq"- deyə, iqtisadçı vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Azərbaycanın regionda aparıcı nəqliyyat dəhlizi aktoruna çevirlməsi, Bakını BRICS-ə üzv ölkələr üçün cəlbedici edir:
"Ona görə də həmin ölkələr Azərbaycan və Türkiyənin bu təşkilata daxil olmasında müvafiq təşəbbüs göstərməlidirlər. Çünki bu gün Azərbaycandan Türkiyə vasitəsilə Avropaya qaz ixrac olunur, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri sınaqdan üzü ağ çıxan bir layihədir. Eyni zamanda, nəqliyyat sarıdan Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyət göstərməkdədir. Bütün bunlar Türkiyə üzərindən həyata keçirilməkdədir ki, burada Rusiya tərəfi də, Asiyada Çin, Hindistan, eləcə də digər ölkələr gəlir əldə etmək və daşınmaların daha sürətli şəkildə həyata keçirilməsi baxımından maraqlı sayılmalıdırlar. Ona görə də Azərbaycan və Türkiyə də BRICS-ə üzv olsalar, bu, hər iki ölkənin qarşılıqlı əlaqələrindən başqa təşkilatın digər üzvləri üçün də çox mühüm əhəmiyyət daşıyacaq və böyük töhfələr verəcək.