Peru portalında Azərbaycan reallıqları barədə məqalə dərc olunub
20-02-2024, 13:31
103 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Perunun nüfuzlu “Guik” portalında bu ölkənin Azərbaycanda səfərdə olmuş tanınmış jurnalisti, siyasi şərhçi Rikardo Sançesin “Azərbaycanın reallıqları uydurmalara qarşı” sərlövhəli məqaləsi dərc edilib.
Ölkəmizin Meksikadakı səfirliyindən verilən məlumata görə, Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərindən bəhs edən məqalədə ölkəmizin əhalisinin yüksək fəallıqla nümayiş etdirdiyi səsvermə nəticəsində Prezident İlham Əliyevin 92 faizdən çox səslə qələbə qazandığı bildirilib. Qeyd edilib ki, ölkədə aparılan uğurlu siyasət, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, iqtisadiyyatın inkişafı, əhalinin rifahının daha da yaxşılaşması kimi amillər bu uğura öz töhfəsini verib.
Diqqətə çatdırılıb ki, seçkiləri izləyən 790 beynəlxalq, ümumilikdə isə 90 mindən çox müşahidəçi, eləcə də 300-ə yaxın xarici media nümayəndəsi seçki prosesinin sərbəst, şəffaf və demokratik keçdiyini qeyd edib.
Məqalədə xüsusi vurğulanır ki, 30 illik işğaldan sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərini əhatə edən bu seçkilər tarixi əhəmiyyət daşıyır.
Müəllif vurğulayıb ki, Ermənistan və xaricdəki erməni diasporunun Qarabağla bağlı yaydığı qərəzli və yalan məlumatların əksinə olaraq, bu bölgəni ziyarət edən hər kəs çoxillik erməni işğalının ağır nəticələrinin, o cümlədən şəhərlərin yerlə-yeksan edilməsinin, mədəni, tarixi və dini abidələrin talanmasının, yaşayış infrastrukturunun dağıdıldığının şahidi olur.
Həmçinin bildirilir ki, işğal dövründə ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalanması səbəbindən hətta müharibədən sonra 300-dən çox insan minanın qurbanı olub. İrəvan isə minalanmış sahələrin dəqiq xəritələrini hələ də Azərbaycan tərəfinə verməkdən imtina edir. Bununla da günahsız insanların həyatını təhlükə altında saxlayan Ermənistanın özünü dünyaya xristian dəyərlərinin daşıyıcısı kimi təqdim etməsinin ağlasığmaz olduğu vurğulanır.
Sonda doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını təmin etmək məqsədilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində gördüyü genişmiqyaslı işlər barədə məlumat verilir.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<