VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində hər iki tərəf intensiv iş aparır. Bununla yanaşı, sülh sazişinin imzalanması məsələsi ətrafında hələ də müəyyən baryerlər mövcuddur. Azərbaycan tərəfi haqlı olaraq prosesdə xarici qüvvələrin müdaxiləsini minimuma endirmək və hər iki dövlətin maraqlarına cavab verən sülh müqaviləsini işləyib hazırlamaq üçün birbaşa olaraq ikitərəfli danışıqlar təklif edir. Bu da çox rasional və anlaşılan təklifdir. Ermənistan tərəfi isə ciddi cəhdlə zəmanətçilər institutunun yaradılmasına və bu məqsədlə də sülh sazişinin hazırlanması prosesinə vasitəçilərin daxil olmasına çalışır.
Bu sözləri açıqlamasında Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov deyib.
R. Hüseynov Birinci və İkinci Qarabağ müharibələri arasındakı dövrdə mövcud olmuş vasitəçilik institutunun fəaliyyətini xatırladaraq qeyd edib ki, ötən 28 il ərzində ATƏT-in Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Onun bu fəaliyyətsizliyi ilə bağlı Azərbaycan tərəfində sanki bir inamsızlıq qalıb. Ona görə də Azərbaycan haqlı olaraq hesab edir ki, istənilən vasitəçi, yaxud da xarici qüvvə sülh müqaviləsindən daha çox öz geosiyasi məqsədlərini qorumaq naminə istifadə edəcək.
Onun sözlərinə görə, xarici qüvvə və ya kənar təşkilat prosesin həll edilməsinə Azərbaycanla Ermənistandan daha çox səy göstərməyəcək. Ona görə də hər iki ölkənin birbaşa danışıqlar aparması sülh müqaviləsi üçün daha səmərəli yoldur. Kənar qüvvələrin prosesə müdaxiləsi hər iki ölkəyə müəyyən təzyiqlərin edilməsinə gətirib çıxara bilər.
“Eyni zamanda, 2020-ci ildən bəri bir sıra xarici qüvvələrin bölgədə daha çox Ermənistana tərəf çıxdığını müşahidə edirik. Bəzi ölkələr Ermənistana açıq-aşkar himayədarlıq etməyə çalışır. Son vaxtlar Fransa və bu ölkənin istəyi ilə Avropa İttifaqının Ermənistanı sanki hansısa təhlükədən qorumağa çalışdığının şahidiyik. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistana NATO dövlətləri tərəfindən yardım göstərilməsi üçün səy göstərirlər. Buna görə də Azərbaycan öz maraqlarını qorumalıdır. Hazırda dövlətin bütün diqqəti 30 il ərzində ermənilər tərəfindən dağıdılmış Qarabağın və Şərqi Zəngəzurun tam bərpasına yönəlib. Ancaq Azərbaycan Ermənistan tərəfindən gələcəkdə hansısa revanşist addımlara məruz qalarsa, buna adekvat reaksiya verəcək”, - deyə ekspert vurğulayıb.
R. Hüseynov, həmçinin diqqətə çatdırıb ki, iki dövlətin də üzərində işlədiyi əsas prinsiplərdən biri ərazi iddialarından əl çəkilməsi ilə bağlıdır.
“Məlumdur ki, Ermənistan tarix boyunca Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Azərbaycan tərəfi Qərbi Azərbaycan ideyası və Ermənistandan qaçqın düşmüş azərbaycanlıların tarixi yurd-yuvalarına yenidən qayıtmaları məsələsini isə hər hansı irrendentist məqsədlərlə qabartmır. Azərbaycan bu məsələdə də beynəlxalq hüququn normalarına ciddi şəkildə riayət edir. Amma təəssüf ki, Ermənistanın qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları məsələsi hələ də qalmaqdadır. Bunlardan biri də Ermənistan Konstitusiyası üçün baza rolu oynayan və 1990-cı ilə aid olan suverenlik haqqında bəyannamədir. Həmin bəyannamədə Ermənistanla Qarabağın birləşməsi nəzərdə tutulur. Bu bəyannamə Konstitusiya üçün baza rolunu oynayan əsas sənəddir.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsi onun ratifikasiya olunması məsələsinə sözügedən sənədə istinad edərək qarşı çıxa bilər. Bu halda nə olacaq? Ona görə də indidən Azərbaycan tərəfi Ermənistanın bu cür məsələlərə də xitab etməsini, onların həlli yolunun tapılmasını tələb edə bilər. Bundan əlavə, Ermənistanda Paşinyandan sonra hakimiyyətə gələ biləcək potensial hər hansı revanşist qüvvə müstəqillik haqqında bəyannaməyə istinad edərək, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilər. Ona görə də bu məsələlərin hamısının qarşısını indidən almaq lazımdır”, - deyə R. Hüseynov bildirib.
Ekspert qlobal dünya nizamının dəyişdiyini, bəşəriyyətin yeni bir düzənə daxil olduğunu vurğulayaraq, prosesin hələ davam etdiyini və transformasiya dövründə bir sıra kataklizmlərin yaşandığını bəyan edib.
O deyib ki, vaxtilə təkqütblü dünyada hakim olmuş ABŞ-a qarşı yeni regional güclər peyda olmaqdadır. Belə bir transformasiya dövründə cari il super seçki ili olacaq. Belə ki, dünya əhalisinin yarıdan çoxu bu il seçkilərdə iştirak edəcək. Avropa Parlamenti, Rusiya, ABŞ, Misir, Türkiyə və digər ölkələrdə yüz minlərlə insan seçkilərə gedəcək. Bu dəyişikliklər zamanı yeni islahatçı qüvvələrin hakimiyyətə gəlməsi ehtimalı var. Seçkilərdən əvvəl və ya sonra hansısa münaqişələr alovlana və ya yeniləri yarana bilər. Buna görə də Azərbaycan da seçkiləri daha əvvələ salmaqla ölkədaxili sabitliyi təmin etmək və daha sonra dünyada baş verən geosiyasi proseslərə uyğun reaksiya verməyi hədəfləyir.
Sözsüz ki, transformasiya dövründə ola bilsin müəyyən xarici qüvvələr Cənubi Qafqaz regionunu da qarışdırmağa cəhd göstərə bilərlər. Məlumdur ki, Yaxın Şərqdəki münaqişə davam edir. Bu münaqişənin müəyyən radikal elementlərinin qonşu dövlətlər vasitəsilə regionumuza sıçraması da mümkündür. Hegemonluq iddiası olan Çin, Hindistan kimi böyük dövlətlər də artıq regionumuza daxil olur. Hindistan Ermənistanın silahlandırılması prosesində açıq-aşkar iştirak edir.
Bütün bunların fonunda Azərbaycan xarici siyasətdə baş verən qlobal regional transformasiyaya uyğunlaşmağa, orta güc kimi proseslərdə layiqli iştirak etməyə çalışır. Eyni zamanda, biz növbəti bir neçə onillikdə böyük güclərin kommunikasiya xətləri və dəhlizləri üzrə də mübarizəsinin şahidi olacağıq. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri üzərində yerləşən bir ölkə kimi Azərbaycanın bu prosesdə əhəmiyyəti birəbeş artır. Bir çox Qərb ölkələri Ermənistana daha çox yardım etməyə çalışsa da, Azərbaycan istənilən halda geosiyasi cəhətdən regionun daha vacib və güclü ölkəsi kimi qalacaq”, - deyə R. Hüseynov əlavə edib.