VETENİM-AZERBAYCANDIR.AZ
İki yüz il bundan əvvəl Cənubi Qafqazın işğalı ilə yekunlaşan Rusiya-İran, Rusiya-Osmanlı müharibələri həm İrandan, həm də Osmanlıdan çoxlu sayda erməni əhalinin İrəvan, Naxçıvan, Qarabağ və Gəncə xanlıqları ərazilərinə köçürülməsi ilə nəticələndi. Çar hökuməti ac-yalavac erməni köçkünləri boşaldılmış Azərbaycan kəndlərində yerləşdirdi, onlara bu xanlıqların ən məhsuldar torpaqlarını payladı, onlar üçün dövlət xəzinəsindən külli miqdarda qızıl pul ayırdı. Azərbaycan torpaqlarının bu şəkildə addım-addım erməniləşdirilməsi siyasətinin həyata keçirilməsinə başlanıldı.
Bu sözləri açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.
Bölgədə özünə yer edən ermənilərin XIX əsrin sonlarından artıq təşkilatlanmağa və silahlı dəstələr yaratmağa başladıqlarını xatırladan deputat bildirib ki, bu, XX yüzilliyin əvvəllərində onların azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirməsi ilə nəticələnib. 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri olan İrəvanın ermənilərə siyasi mərkəz kimi verilməsi isə onların daha da azğınlaşmasına və hər yerdə azərbaycanlılara qarşı açıq-aşkar soyqırımı törətməsinə təkan verib. O cümlədən İrəvanda, Qarabağda və Zəngəzurda... Nə 200 il, nə də 100 il əvvəl Zəngəzur heç vaxt iki hissəyə bölünməyib, həmişə bütöv olub. Bölgədə sovet hakimiyyəti qurulduqdan sonra isə Zəngəzurla bağlı vəziyyət dəyişdi. Diqqət yetirin, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunur və səhəri gün – mayın 29-da Milli Şura İrəvan şəhərinin ermənilərə verilməsi barədə qərar qəbul edir. Bundan iki il sonra – 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olunur, səhəri gün – noyabrın 30-da Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclası Zəngəzurun Ermənistana verilməsi barədə qərar qəbul edir. Nəticədə Zəngəzur tarixdə ilk dəfə iki yerə bölünür. Bu, tarixi Azərbaycan diyarının 6.742 kvadratkilometr verstlik ərazisindən 3.105 kvadratkilometr versti Azərbaycan SSR tərkibində qalır. 3.637 kvadratkilometr verstlik hissəsi isə Ermənistana verilir.
İcma sədri bildirib ki, istər İrəvanın ermənilərə güzəştə gedilməsindəki, istərsə də Zəngəzurun Ermənistana verilməsindəki bu tələskənlik açıq-aşkar Azərbaycana qarşı tarixi cinayətdən, xəyanət və riyakarlıqdan xəbər verir. “Ölkəmiz və vətəndaşlarımız 100 il bu tarixi ədalətsizliyin ağrısını yaşadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı ilə biz 30 il əvvəl xalqımıza qarşı işlənmiş böyük tarixi ədalətsizliyi aradan qaldırdıq. Qarşımızda 100 il əvvəl Azərbaycanın bütövlüyünə xəncər kimi saplanmış Zəngəzur ədalətsizliyini də aradan qaldırmaq vəzifəsi durur. Biz bu ədalətsizliyi tarixi torpaqlarımıza, ata-baba ocaqlarımıza dinc yolla və ləyaqətli şəkildə qayıtmaq yolu ilə aradan qaldırmaq əzmindəyik. Bu, bizim haqqımızdır!”, - deyə Ə.Ələkbərli vurğulayıb.