VETENİM-AZERBAYCANDIR.AZ
"BMT-nin iqlim dəyişməsi üzrə çərçivə konvensiyasının konfransı 1995-ci ildən keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişlərin qiymətləndirilməsi, görülən işlər, qarşıda duran təhdidlər və bütün bunların müzakirəsidir. 90-cı illərin ortalarından başlayaraq, bu konfrans çərçivəsində əsasən də, inkişaf etmiş ölkələrdə istixana qazlarının əsasən də, atmosferə atılan tullantıların məhdudlaşdırılmasını özündə ehtiva edən “Kioto protokolu” müzakirə olunur. Bununla bağlı ölkələr öz üzərinə hüquqlar və öhdəliklər götürürlər"...
Bu barədə Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. O, qeyd edib ki, 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan “Paris sazişi” var. Bunlar müzakirə olunur. Bu saziş 2015-ci ildə qəbul olunub. Deputat vurğulayıb ki, hazırda Azərbaycan da daxil olmaqla bu təşkilatın 195 ölkə üzvüdür..
Vüqar İskəndərov
“COP 29-un gələn il Azərbaycanda keçirilməsi təbii ki, çox sevindirici bir haldır. Əvvəla, ümumiyyətlə Azərbaycan özü müstəqillik dövründən bu günə qədər bir çox beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bura həm idman tədbirləri, həm mədəniyyət tədbirləri və humanitar forumlar daxildir. Bu tədbirlər keyfiyyətinə, kəmiyyətinə, hazırlığına və digər önəmli parametrlərinə görə nümunə göstərilir. Bu, çox vacib məsələdir.
Azərbaycan bu dəfə Dubayda keçirilən sessiyada qeyd olunub. COP-28-in prezidenti Sultan Əl Sabir qeyd edib ki, BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının 29-cu sessiyası Azərbaycanda keçiriləcək. Dubayda kəçirilən konfrans zamanı Azərbaycanın zəngin mədəniyyəti, tarixi və digər maraqlı tərəfləri təqdimat kimi orada tərtib olunmuş sistemlərlə nümayiş olunub. Bu da iştirakçıların marağına səbəb olub”-deyən deputat bildirib ki, bu tədbir BMT-nin təşkil etdiyi ən böyük konfranslardan biridir.
“Bir platforma kimi 200-ə yaxın ölkənin burada üzv olması, qoşulması və iştirakı keçirilən ölkənin nüfuzundan xəbər verir. Adətən bu tipli tədbirlər stabil, sabit, inkişaf etmiş və bütün şəraitlərə, kriteriyalara uyğun olan ölkələrdə keçirilir. Azərbaycan qeyd olunan bütün kriteriyalara ən yüksək səviyyədə cavab verir. Gələn il keçiriləcək COP-29 tədbiri, konfransı həmişə olduğu kimi bu dəfə də ölkəmizdə ən yüksək səviyyədə təşkil edilən tədbirlərdən biri olacaq və bu tədbir də bir nümunə kimi qeyd olunacaq”-deyə deputat əlavə edib.