Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Yüzminlərlə pul direktor adı daşıyan fəhlələrə köçürülübmüş...

Yüzminlərlə pul direktor adı daşıyan fəhlələrə köçürülübmüş...
6-10-2023, 16:26 149 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir.
VETENİM-AZERBAYCANDIR.AZ məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisləri Məlikməmməd Qurbanov və Mahir Şirvanovun cinayət işi üzrə şahid ifadələri dinlənilib.
Ayrı-ayrılıqda araşdırılan cinayət işlərinin hərəsində 1 nəfər şahid ifadə verib.
Şahid Anar Həşimov “Avto Luks” MMC-nin direktoru olub. Belə ki, avtomobil ehtiyat hissələrinin alınması məqsədilə Satınalmalar və Təchizat İdarəsi ilə şirkət arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən alınan malların qiyməti şişirdilib, nəticədə 360 min manat dövlət vəsaiti təqsirləndirilən M.Qurbanov və digərləri tərəfindən mənimsənilib. 
Maraqlısı odur ki, şirkətin kağız üzərində direktoru olan Anar Həşimov bu işlərdən məlumatlı olmadığını deyir. Şahidin sözlərinə görə, o, uzun müddət şirkətdə fəhlə işləyib. Şirkətin sahibi İslam Rzayev ölümündən bir müddət əvvəl onu direktor təyin edib: ““Avto Luks”da fəhlə işləyirdim, işim daşıma idi. Şirkətin rəhbəri İslam Rzayevi çoxdan tanıdığıma görə ölümündən bir az əvvəl məni direktor qoydu. Amma elə adım direktor idi, işləri oğlu Allahverdi Rzayev aparırdı. İndi burada söhbətin nədən getdiyini bilmirəm. Nə Məlikməmməd Qurbanovu tanıyıram, nə başqa şeylərdən xəbərim var. Mən direktor olanda da əvvəlki kimi fəhləlik edib aylıq 850 manat əmək haqqımı alırdım”.
Prokuror Ziya Mansurov şahidin dedikərinə “fəhləlikdən birbaşa şirkət rəhbəri vəzifəsinə təyin olummusuz. Afərin!”- deyə təəccüblə münasibət bildirib. 
Prokuroru maraqlandıran digər məsələ şahidin təmsil etdiyi şirkətlə təqsirləndirilən şəxsin rəhbərlik etdiyi idarə arasında harada və hansı şərtlərlə müqavilə bağlanması olub. Müqavilə şirkətin anbarında bağlanıb. Müqavilədəki imzalar da mənə məxsusdur”, - şahid cavab verib.
Təqsirləndirilən şəxs şahidi tanımadığını, bütün işləri Allahverdi Rzayevlə bağladığını deyib.
M.Qurbanovun münasibəti məhkəmə heyətinə daxil olan hakim Fikrət Əliyevdə sual yaradıb: “ Şirkətin direktoru bu şahiddir. Siz deyirsiz Allahverdi Rzayevlə müqavilə bağlamışam. Müqavilə bağladığınız şəxsin səlahiyyətinə baxmırdız ki, bu adam bu işdə səlahiyyətlidir, ya yox?”
Eyni məsələyə sədrlik edən hakim Rafiq Abbasov daha sərt münasibət bildirib:“Siz hansısa şirkətə dövlətin pulunu köçürürsüz, amma müqavilə bağladığınız adamı tanımırsız. Direktor oturub burda, siz deyirsiz mən onu tanımıram. Belə şey olar?! Kimə köçürmüsüz dövlətin pulunu?!
M. Qurbanov cavabında bu detala diqqət etmədiyini etiraf edib. 
Daha sonra bu iş üzrə məhkəmədən yayınan şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb. 
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sonrakı rəisi, Məlikməmməd Qurbanovun sələfi Mahir Şirvanovun işi üzrə də 1 nəfər - Vilayət Abdullayev şahid ifadəsi verib.
V. Abdullayev də əvvəlki şahid kimi əvvəl fəhlə işlədiyi şirkətin direktoru olub. Söhbət “Avto Qarant” MMC-dən gedir. Bu şirkət də İslam Rzayevə, sonradan isə oğlu Allahverdi Rzayevə məxsusdur. Şahid isə kağız üzərində direktor sələhiyyəti daşıyıb: “15 il “Avto Qarant”da fəhlə işləmişəm. Etibarlı adam olduğuma görə sonradan məni direktor təyin etdi. Amma şirkətə İslam Rzayevin oğlu Allahverdi Rzayev nəzarət edirdi. Belə deyək, mən direktor vəzifəsi daşıyan fəhlə idim. Direktor olanda da elə fəhlə maaşı alırdım”.
Prokuror şahidin təmsil etdiyi şirkətlə Müdafiə Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən, 165 min manat dövlət vəsaiti mənimsənildiyini xatırladaraq onun bu məsələlərdəki rolunun nədən ibarət olduğunu soruşub. 
Şahid təkrar adda direktor olduğunu qeyd edərək bu məsələlərdən, ümumiyyətlə, xəbərsiz olduğunu deyib.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. 
İş üzrə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI