17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
“Dövlət baba” SOCAR-a əl gəzdirir
Yanvarın 23-də prezident İlham Əliyev Dövlət Neft Şirkətinin idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən şirkətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (MŞ) yaradılır. Şura prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, 7 üzvdən ibarətdir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Şuranın sədri, birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov, energetika nazirinin müavini Elnur Soltanov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov Şuranın üzvləri təyin olunublar.
Yeni qurum SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək, aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına, SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək və s. səlahiyyətlərə malikdir.
Beləliklə, SOCAR-ın hazırkı idarəetməsi, rəhbərliyi hələlik saxlanılır, amma onların fəaliyyətinə nəzarət edən üst qurum yaradılır. İndiki halda bu məsələ hansı ehtiyacdan doğub?
Neft gəlirlərinin pik dövrü arxada qalıb, uzun illər şəffaflıq, hesabatlılıqla bağlı çağırışlar qulaqardına vurulub və nəhayət, SOCAR böyük miqdarda daxili və xarici borcların girdabına düşüb. Neftin ucuzlaşması şirkətin öhdəliklərinin yerinə yetirilməsində problemlər yaradır. Bəzi ekspertlər SOCAR-ın özəlləşdirməyə çıxarılmasını təklif etsələr də, hökumət belə bir niyyətinin olmadığını nümayiş etdirib. Bu həftə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg” agentliyinə müsahibəsində SOCAR-ın satılmayacağını bildirib.
Qeyd edək ki, Dövlət Neft Şirkətinin borcları 10 milyard manatdan çox olmaqla, Azərbaycanın ümumi dövlət borcunun əhəmiyyətli hissəsini təşkil edir. SOCAR-ın öhdəlikləri isə 40 milyard manat civarındadır, onun əsas hissəsini Türkiyə və Avropadakı layihələr tutur. Daxili öhdəliklər də kifayət qədərdir. Məsələn, 1 milyard dollara yaxın borc Dövlət Neft Fondu qarşısında, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində vaxtilə iştirak payının alışı, eləcə də “Baku Shipyard” gəmiqayırma zavodunun tikintisi üçün cəlb edilmiş kreditlər üzrə yaranıb. Borc strukturunda 1,5 milyard dollar istiqrazlardan ibarətdir. Bu sıraya şirkətin 2014-cü ildə Mərkəzi Bankdan aldığı 472 milyon 870,7 min manat, 2015-2016-cı illərdə isə Beynəlxalq Bankdan alınmış 1 milyard 291,5 milyon manat və 198 milyon manat kreditlər də daxildir. Üçüncü ölkələrdə neft alışı və satışına görə “SOCAR Trading“in qısamüddətli borcu təqribən 1 milyard dollardır. Türkiyədəki layihələr üzrə də 1 milyard dollar həcmində borc yaranıb. Son illər Türk lirəsinin dollar qarşısında kəskin dəyər itirməsi də SOCAR-a ciddi problemlər yaradıb, bu ölkənin neft-kimya sektoruna yatırdığı milyardlarla dollar investisiyanın dəyərini azaldıb.
Qeyd edək ki, hökumət SOCAR-ın daxili borclarının ixtisarı üçün ona böyük güzəştlər edib. Məsələn, 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə şirkətin dövlət büdcəsinə 675.4 milyon manat borcu silinib. Bundan başqa, Beynəlxalq Banka və Neft Fonduna olan borclar da qaytarılmayıb.
SOCAR-ın bütün aktivlərinin dəyəri təxminən 100 milyard manat qiymətləndirilsə də, dövlətin ondan faydalanmaq əmsalı çox aşağıdır. Məsələn, Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində göstərilib ki, SOCAR 2018-ci ildə dövlət büdcəsinə 1,43 milyard manat vergi ödəyib. Amma büdcədən 1,49 milyard manat vəsait alıb. Yəni büdcədən aldığı vəsait ödədiyi vergidən çox olub. Bu da göstərir ki, şirkət büdcə üçün ağır yükə çevrilib. Buna baxmayaraq, SOCAR özünə 414 milyon 237,659 min dollara inzibati bina tikdirib. Şirkət rəhbərliyinin (eləcə də onların övladlarının) ölkədə və xaricdə bahalı əmlaklarının olması, dəbdəbəli həyat tərzi keçirməsi də heç kimə sirr deyil.
Müşahidə Şurasının qeyd olunan problemlərin həlli ilə bağlı ciddi addımlar ata biləcəyi sual doğurur. Çünki əvvəlki rəhbərlik işində qalırsa, ənənəvi idarəçiliyin dəyişəcəyini düşünmək sadəlövlük olardı.
Başqa bir problem iş yükü həddindən artıq böyük olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun SOCAR-a baş nəzarətçi təyin edilməsidir. Məlumdur ki, o, bir neçə böyük dövlət qurumunun (vergilər, əmlak və s.) birləşdirildiyi İqtisadiyyat Nazirliyinə rəhbərlik edir. Bundan başqa, dövlətin yaratdığı bir çox fondların müşahidə şuralarına rəhbərlik ona tapşırılıb. M. Cabbarovun bu qədər yüklənməsi əlbəttə ki, ən azı fiziki cəhətdən onun iş əmsalını aşağı salan amildir. Bir kadr nə qədər mükəmməl idarəçilik bacarığına sahib olsa da, o eyni anda müxtəlif sahələri effektiv idarə edə bilməz. Ölkə rəhbərliyinin hansı səbəbdən bütün məsuliyyətli işləri Mikayıl Cabbarova həvalə etməsi suallara yol açır. Belə görünür ki, hakimiyyət peşəkar və etibarlı kadrlar sarıdan korluq çəkir…