“Təhsil tələbə kreditindən tələbələrimiz normativ təhsil müddətində istifadə edə biləcəklər. Bu müddəti aşan tələbələr o hüquqdan istifadə edə bilməyəcəklər. Bu tələbələr əyani və ödənişli təhsil almalıdırlar. Kredit semestr üzrə veriləcək. Və o tələbələrə veriləcək ki, onların akademik borcu olmasın. Bu kredit sığortalanır. Kreditlər banklar vasitəsilə və Azərbaycan manatı ilə veriləcək. Ali təhsilin bakalavr, magistr, orta ixtisas və peşə səviyyəsində təhsil alanlar bundan yararlana biləcəklər”.
“
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev bildirib.
O qeyd edib ki, təhsil tələbə kreditinin sosial və standart növü var. Birinci növ kreditlər sosial həssas qrupa aid tələbələrə yönəlib. Bu tələbələr ünvanlı sosial yardım alan ailənin üzvü olmalı, III qrup əlillik dərəcəsi olmalı və ya hər iki valideyni bu kateqoriyalardan birinə aid olmalıdır: işsiz olanlar, I və II qrup əlil olanlar və yaşa görə sosial müavinət və pensiya alanlar.
Nazir müavini, həmçinin bildirib ki, standart kredit alanlar iki şərti ödəməlidirlər: “Semestr üzrə müvəffəqiyyət göstəriciləri 71 baldan yüksək olmalı və illik təhsil haqqının 20 faizini ödəməlidirlər. Əgər tələbə bakalavrda təhsil alırsa və birinci semestrdə kredit əldə etmək istəyirsə, qəbul balı 300 və daha yuxarı olmalıdır.
Magistraturada bu bal 50-100 aralığında, subbakalavrda isə 110-300 aralığındadır”.
İ. İsayev qeyd edib ki, sosial təhsil krediti götürən tələbələrin müvəffəqiyyət göstəricisi həmin semestr üçün 71 baldan yüksəksdirsə, ona götürdüyü kreditə görə faiz hesablanmayacaq. Bütün təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yuxarı olubsa, ona kreditin və hesablanmış faizlərin 50 faizi güzəşt olunacaq. Tələbə standart kredit götürübsə və balı semetr üçün 91 baldan yuxarıdırsa, ona faiz hesablanmayacaq. Normativ təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yüksəkdirsə, götürdüyü məbləğin 25 faizi bağışlanacaq.
Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda 266 mindən artıq tələbə təhsil alır, onlardan 246 min nəfəri əyanidir. 146 min tələbə isə ödənişli əsaslarla təhsil alır. Onların heç də hamısının təhsil haqqını özləri qarşılamırlar. Bu tələbələrdən ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağı olanları çıxsaq, 56 min 200 tələbənin kredit üçün müraciət etməsi gözlənilir.