Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Millət vəkili: “Almaniyada islamafobiya zəminində cinayətlərin artması narahatlıq doğurur”

Millət vəkili: “Almaniyada islamafobiya zəminində cinayətlərin artması narahatlıq doğurur”
30-03-2021, 00:29 319 dəfə baxılıb

“Almaniyada islamafobiya və islamafobiya zəminində cinayətlərin artması narahatlıq doğurur”.

Bunu Vetenim-Azerbaycandir.az-a açıqlamasında millət vəkili Cavid  Osmanov bildirib.

Millət vəkili deyib ki, Almaniya Daxili İşlər Nazirliyi 2015-ci ildə 2014-cü illə müqayisədə miqrantlara qarşı cinayətlərin sayının 5 dəfə artaraq 894 cinayətə çatdığını açıqlamışdı. Bu cinayətlərin əhəmiyyətli hissəsi islamafobiya zəminində törədilib. Bu artım 2017-ci ildə özünün pik nöqtəsinə çatıb. 2017-ci ildə islamafobiya zəminində 1075 cinayət törədilib, bunlardan 239-u məscidlərə hücum olub, 32 nəfər yaralanıb. Təkcə 2018-ci ilin 9 ayında müsəlmanlara hücumlar nəticəsində isə 40 nəfər yaralanıb.

2019-cu ildə islamafobiya zəminində 871 cinayət törədilib, müsəlmanlar, müxtəlif islami qurumlar və təşkilatlar hücuma məruz qalıb. Bu cinayətlər nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. 2018-ci ildə də vəziyyət fərqli olmayıb. Ölkədə islamafobiya zəminində 910 cinayət törədilib. İslamafobiya zəminində cinayətlərin 2020-ci il üzrə statistikası hələ açıqlanmasa da, belə cinayətlərin sayının yenə yüzlərlə olacağı proqnozlaşdırılır. Məsələn, hələ ötən il Sol Partiyanın deputatı Ulla Elpkye Almaniyada islamafobiya zəminində cinayətlərin 10-90 faiz arta biləcəyini  proqnozlaşdırırdı. Bunun səbəbi kimi də Almaniyadakı mövcud situasiyanı, müsəlmanların daim mənəvi və zorakı hücum təhdidi altında yaşamasını göstərirdi.

Deputat xatırladır ki, hələ Bertelsmann Fondunun 2019-cu ilin iyulunda açıqladığı sorğunun nəticələrinə əsasən, 5 milyona qədər müsəlmanın yaşadığı Almaniyada rəyi soruşulanların yarıdan çoxunun – 52 faizinin islamı təhlükə saydığı üzə çıxıb. Rəyi soruşulanların 1/3-i müsəlmanlarla qonşuluqda yaşamaq istəmədiyini vurğulayıb: “Təbii ki, son illər Almaniyada islamafobiyanın artması fonunda bu ölkədə yaşayan müsəlmanlar artıq özlərini təhlükəsiz hiss etmir, öz həyatları üçün qorxduqlarını gizlətmirlər. Təbi ki, 2018-ci ilin avqustunda miqrantlara qarşı kütləvi iğtişaşlar və aksiyalar da ciddi narahatlıq yaratdı. Almaniya Müsəlmanlarının Koordinasiya Şurası da bunu dəfələrlə bəyan edib. Eyni zamanda Almaniyada demək olar ki, hər həftə məscidlərin hücuma məruz qaldığı bildirilib. Bütün bunlar Almaniya dövlətinin, hökumətinin müsəlmanların etimadını qazanmaq üçün müvafiq tədbirlər görməsini zəruri edir. Demokratiyanın əsas dəyərlərindən biri insanların öz dini etiqadlarını qorxmadan və zorakılıqla üzləşmədən yaşamasıdır. Almaniyanın müvafiq strukturları islamafobiyanın aradan qaldırılması üçün artıq qətiyyətli addımlar atmalıdırlar. Əks təqdirdə bu, Almaniyada, ümumən isə Avropada aradan qaldırılması mümkün olmayan nəticələrə yol aça bilər”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI