13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Dizayner ata şəhid oğlunun doğum gününə bulaq hazırladı
Bu gün Vətən müharibəsində şəhid olan Səbuhi Əsədovun 22 yaşı tamam olur. Ailəsi ilk dəfədir ki, doğum gününü onsuz, özündən sonra qoyub getdiyi saysız-hesabsız xatirələrlə birgə qarşılayır.
“Vətənim-Azerbaycandir.az” xəbər verir ki, ailənin sonbeşiyi, üç bacının tək qardaşı olan Səbuhi 1999-cu ildə dünyaya göz açıb. 2019-cu ildə hərbi xidmətə çağırılıb və müharibə başlanan zaman Mingəçevir rayonunda xidmətdə olub. Bacısı Məlahət Babayevanın sözlərinə görə, ailəsi Səbuhinin döyüşlərdə iştirakından şəhid olandan sonra xəbər tutub:
“Çox sakit, tərbiyəli idi, heç kəslə işi olmazdı. Özü də idmançı idi, idmanda nailiyyətləri, diplomları var. Hərbi xidmətdə kəşfiyyat bölüyündə xidmət edib. Bizim heç xəbərimiz olmayıb ki, o döyüşdədir. Fikirləşirik ki, yəqin anama görə deməyib. Çünki qardaşım əsgər gedəndə anam reanimasiyaya düşmüşdü, uzun müddət ürəyindən müalicə aldı. Müharibə başlanandan isə cəmi iki dəfə - oktyabrın 3-ü və 4-də evlə əlaqə saxlayıb. Birinci dəfə danışanda o qədər gülə-gülə danışıb ki, heç döyüşdə olduğundan şübhələnməyiblər. Növbəti dəfə zəng edəndə atam neçə dəfə harada olduğunu soruşub, ona da deməyib. Ta ki şəhid olana qədər döyüşdə iştirak etdiyindən xəbərimiz olmayıb...”
Bacısı deyir ki, Səbuhi cəbhə yoldaşları ilə birgə sentyabrın 27-dən Tərtər istiqamətində vətəni müdafiəyə başlayıb. Əvvəlcə Talış kəndi uğrunda döyüşlərdə iştirak edib, Ağdərə istiqamətində vuruşub. Komandiri və əsgər yoldaşları onun necə əzmlə, qəhrəmancasına döyüşdüyünü bildiriblər. Ailə də indi bu xatirələrlə təsəlli tapır:
“Komandiri Orxan Cəlilov qardaşımın qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəldiyini deyir. Onun sözlərinə görə, döyüş vaxtı nə kömək lazım olubsa, Səbuhi irəli çıxıb. Hətta bir dəfə komandirlə birgə neytral zonada qalan şəhid və yaralımızı çıxarmaq üçün də gedib. Komandiri deyir ki, Səbuhi yoldaşlıqda yoldaş, qardaşlıqda qardaş idi. Oktyabrın 8-i Suqovuşanda düşmən hücuma keçib, ağır döyüş başlayıb. Səbuhi komandirə deyib, birimiz qalxıb qumbara atmalıyıq ki, düşmən sakitləşsin, biz hücuma keçək. Həmin vaxt Səbuhinin dostu Xəyal İdrisovu snayperlə vurublar, şəhid olub. Bu, qardaşıma çox pis təsir edib və qumbaranı əlinə alaraq ayağa qalxıb, onu düşmənin mövqeyinə atıb. Ondan sonra ordumuz hücuma keçib. Komandiri deyir ki, o, qumbaranı atmaq üçün heç əmri də gözləməyib. Amma istədiyinə nail olub, düşmən mövqeyini partladıb, qəhrəmancasına şəhid olub”.
Doğmaları S. Əsədovu çox vətənpərvər, torpağına, Vətəninə bağlı oğul kimi qiymətləndirir. Əslən Cəbrayıl rayonundan olduqlarından Səbuhi həmişə doğma torpaqlarını işğaldan azad etmək, o yurda gedə bilmək arzusu ilə yaşayıb:
“Çox istəyirdi ki, gedib Cəbrayılı görsün. Hətta Tərtərdə olanda komandirinin çəkdiyi video var, orada deyir ki, “torpaq uğrunda ölən varsa, Vətəndir”. Başqa istiqamətdə döyüşdüyündən gedib çıxa bilməsə də, Cəbrayılın azad olunmasından xəbər tutmuşdu”.
Ailəsinin Səbuhi ilə bağlı arzuları oğullarının ömrü kimi yarımçıq qalıb. Amma ailəni ovudan onun mərdliklə döyüşməsiylə yanaşı, bir də ucaldığı şəhidlik zirvəsinin o arzuların fövqündə olmasıdır: “Sevdiyi qız var idi, neçə ildir bir-birini sevirdilər. Anam yayda elçi getmək istəyirdi, hərbi xidmətə getdiyinə görə yubandı. Sonra anam dedi ki, yanvarda 22 yaşı tamam olur, hərbi xidmətdən gəlsin, onda elçi gedəcək. O da qismət olmadı... Şəhidlər şəhid olacaqlarını bilirlər, Allah onlara sanki işarə göndərir. Yayda sevdiyinə əlində silah olan şəklini göndərib. Necə göründüyünü soruşub. Sonra isə yazıb ki, şəhid olsam daha yaraşıqlı görünərəm...”, - M. Babayeva deyir.
Anası Cahan Əsədova isə oğlu haqqında qəhərdən danışa bilmir. Yalnız Səbuhi ilə fəxr etdiyini söyləyir...
Əsədovlar ailəsi Səbuhinin şəhidlik xəbərini oktyabrın 10-da alıb. O, doğulduğu Suraxanı rayonunda, Bülbülə Şəhidlər Xiyabanında dəfn olunub.
Bu gün həm də yaşadığı evin qarşısında şəhidimizin anım günü ilə bağlı salınan bulaq kompleksinin açılışı olub. Kompleks ixtisasca dizayner olan atası Azər Əsədovun şəhid oğluna doğum günü hədiyyəsidir.
Gülnar Əliyeva