19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Şəhid Ceyhun Abbasov
Vetenim-Azərbaycandir.az
Şəhid Ceyhun Abbasov Ceyhun Natiq oğlu Abbasov 8 fevral 1986-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhəri Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə alıb. Burada 9 il oxuduqdan sonra, təhsilini öz arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi litseydə davam etdirmək istəyib, lakin litseyə qəbul ola bilməyib və bundan sonra sənədlərini texniki peşə məktəbinə təqdim edib. Peşə məktəbinə qəbul olan Ceyhun, oranı müvəffəqiyyətlə bitirdikdən sonra, həqiqi hərbi xidmətə çağrılıb. Ceyhun həqiqi hərbi xidmətini də uğurla başa vurub və bundan sonra, yarımçıq qalan arzusu, peşəkar hərbçi olmaq arzusunu gerçəkləşdirmək qərarına gəlib. Beləliklə, hərbi xidmətdə qalmağı seçən Vətən oğlu, respublikanın müxtəlif bölgələrində, cəbhəyanı ərazilərdə və biləvasitə öncəbhədə xidmət edib: Beyləqan, Füzuli, Tərtər, Ağdam, Gədəbəy... Son xidmət yeri isə Şəmkir rayonundakı “N” saylı hərbi hissənin əks-həmlə taboru olub. Təcrübəli hərbçi taborun snayper qrupunun komandiri olub. O, vaxtı ilə snayper silahının özəlliklərinə daha da yaxından yiyələnmək üçün qardaş Türkiyədə komando kursları keçib, təkmilləşib və xüsusi təyinatlı kəskin snayperçi kimi şöhrət qazanıb. Hərbçi dostları arasında “qarşısıalınmaz kəskin nişançı” olaraq tanınan Ceyhun Abbasov, xidmət etdiyi dövrdə 50-yə yaxın xüsusi döyüş tapşırığını yerinə yetirib. Ceyhun Abbasov Azərbaycan Prezidenti adından, Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubley medalı ilə təltif olunub. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə istiqamətindəki qəhrəmanlığına görə, cənab Prezidentin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Ceyhun 2020-ci ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində düşmən hücumunun qarşısını alan oğullardan biri olaraq da öz fədakarlığı ilə fərqlənib. O, burada Ermənistan silahlı qüvvələrinin dörd hərbçisini zərərsizləşdirib. Hərbi təxribatlarına ara vermək istəməyən düşmənin müddətdən artıq hərbi qulluqçusu Aşot Mikaelyanı isə boğaz nahiyəsindən vuraraq, nə qədər sərrast atıcı olduğunu bir daha nümayiş etdirib. Ceyhun Aşotu zərərsizləşdirəndə gecə saat 01:10 radələri olub... Bu hadisə mətbuatda 14 iyulda şəhid olan Yaşar Babayevin qisasının alınması kimi tirajlanıb... Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tovuz döyüşlərində göstərdiyi şücaətə görə Ceyhun Abbasova xüsusi hazırlanmış qol saatı bağışlayıb və başqa mükafatlarla təltif edib. Qəhrəman gizirin son döyüşü Murov dağ silsiləsində yerləşən Elşən zirvəsi uğrunda olub. Şəhidimizin əmisi, mayor Namiq Abbasovun verdiyi məlumata görə, 28 sentyabr 2020-ci ildə Elşən zirvəsi uğrunda gedən döyüşlərdə ayaq və bel nahiyəsindən yaralanan Ceyhun, təxliyyədən imtina edərək, öz yaralarını sarıyıb, ağrı kəsici iynə vuraraq, döyüşə davam edib. O, yaralı halında belə, düşmənə zərbə vurmağı bacarıb: həmin andakı duruma görə məcburi və çevik qərar qəbul edən peşəkar hərbçi, yanındakı yoldaşının “qumbaraatan”ını götürərək, dörd erməni atəş istehkam məntəqəsini partladıb. Qorxmaz hərbçimiz erməni postuna girərkən şəhid olub. Ceyhun Abbasov 12 dekabr 2020-ci ildə II Fəxri Xiyabanda dəfn edilib. Şəhid gizirimiz ailəli idi, 2 övladı yadigar qalıb. Oğlu Ərtoğrul Gəncənin Kəpəz rayonunda yerləşən 17 saylı tam orta məktəbin I sinif şagirdidir, qızı Kəmalə isə məktəbəqədər hazırlıq sinfinə gedir. Ruhun şad olsun, şəhidim! Şəhid Ceyhun Abbasov İgidlik tarixini, qanla yazdın torpağa. Adın gəldiyi zaman başladılar qorxmağa. Sən elə bir oğuldun, yoxluğuna dözmədi, Cənazən gəldiyində xalqın qalxdı ayağa. Göz yaşıyla yuyuldu, xiyabanın yolları, Tabutuna sarıldı sevdiyinin qolları. Səni məzara deyil, ürəklərə qoydular, Millət çətin unudar, bu qədər olanları. Səndən sonra Ərtoğrul duracaq keşiyində, Qızın rahat yatacaq evində-eşiyində. Bir gün nənə olacaq, sevdiyin gözəl qadın, Nəvələr böyüyəcək azadlıq beşiyində. Torpaq bir oğul aldı, minini qaytaracaq, Milyon dənə, min dənə Ceyhunlar doğulacaq. Unutmarıq biz səni, rahat uyu şəhidim, Qəbimizin başında sənin adın olacaq.