Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şuşada TDT ölkələri dövlət dini qurumları rəhbərlərinin Birinci görüşü başa çatıb

Şuşada TDT ölkələri dövlət dini qurumları rəhbərlərinin Birinci görüşü başa çatıb
Bu gün, 20:12 0 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü başa çatıb.
görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional əsaslarını, gələcək birgə fəaliyyət istiqamətlərini özündə əks etdirən 11 bənddən ibarət Kommünike imzalanıb.
Sənəddə Türk dövlətləri arasında dünyəvilik prinsipləri əsasında dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil sahəsində əməkdaşlığın inkişafı, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsində qadınların rolunun artırılması, o cümlədən rəqəmsal informasiya mühitində dini maarifləndirmənin gücləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb.
Bununla yanaşı, Kommünikedə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-dini və mədəni irsin bərpasına dəstəyin ifadə edilməsi, türk coğrafiyasında məzhəblərarası anlaşma və İslam həmrəyliyinin təşviqi, Türk-İslam mədəni irsinin beynəlxalq səviyyədə təbliği, həmçinin dini radikalizm, ekstremizm, terrorizm, islamofobiya və digər destruktiv təzahürlərə qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə, yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə, habelə Azərbaycan hökumətinə və əlaqələndirmə prosesinə verdiyi töhfə ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Katibliyinə minnətdarlıq ifadə olunub.
Sonda növbəti görüşün 2027-ci ildə Qazaxıstanda keçirilməsi ilə bağlı qərar qəbul olunub.
***12:07
Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir.
tədbirdə TDT-nin baş katibi, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.
Türk xalqlarının ortaq milli-mənəvi, mədəni dəyərlərinin qorunması, müvafiq dövlət orqanları arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılacaq.
Toplantıda dövlət-din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə, qanunvericilik və idarəetmə sahələrində kadr hazırlığı üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçiriləcək. Bununla yanaşı, türk xalqlarının ortaq dini-mədəni irsini əks etdirən abidələrin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması, məzhəblərarası anlaşmanın, konfessiyalararası dialoqun, İslam həmrəyliyinin təşviqi, dini radikalizmə, ekstremizmə qarşı mübarizə sahəsində təcrübə, eləcə də, məlumat mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Toplantının əsas gündəm mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin institusional əsasda inkişafına və əməkdaşlığın daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüralıyev, Qazaxıstan Mədəniyyət və İnformasiya nazirinin müavini Rüstəm Əli, Qırğız Respublikası Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş və Özbəkistan Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev çıxış edəcəklər.
Tədbirin sonunda tərəflərin razılaşdırılmış mövqeyini və əməkdaşlıq istiqamətlərini əks etdirən Kommünikenin imzalanması nəzərdə tutulur.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI