VETENİM-AZERBAYCANDİR.AZ
Tarixin dərin qatlarından süzülüb gələn, minilliklərin yaddaşını, xalqın ruhunu və milli kimliyini özündə yaşadan Novruz Bayramı Azərbaycan xalqının ən qədim və ən müqəddəs bayramlarından biridir. Təbiətin oyanışını, yeni həyatın başlanğıcını müjdələyən bu müqəddəs günlər yalnız təqvimdə bir tarix deyil, həm də xalqımızın min illər boyu qoruyub saxladığı Milli-Mənəvi Dəyərlərin, adət-ənənələrin və həyat fəlsəfəsinin təntənəsidir.
Novruzun kökləri qədim sivilizasiyaların çağlarına gedib çıxır. Su, Od , Yel və Torpaq təbiət ünsürlərinin müqəddəs sayıldığı dövrlərdən bu günə qədər gəlib çatan bu Bayram insanın təbiətlə harmoniyasını, yenilənməyə olan inamını və gələcəyə ümidini ifadə edir. Azərbaycan torpağında Novruz əsrlər boyu böyük ehtiramla qarşılanmış, xalqımızın gündəlik həyatının ayrılmaz bir parçasına çevrilmişdir.
Novruz ərəfəsində keçirilən dörd çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri xalqımızın təbiətə olan münasibətini, onun fəlsəfi düşüncəsini əks etdirir. Bu günlərdə evlər təmizlənir, həyətlər abadlaşdırılır, səməni cücərdilir, tonqallar qalanır. İnsanlar tonqalın üzərindən tullanaraq bütün ağırlıqların, kədərin və mənfi enerjinin geridə qalmasını arzulayırlar.
Novruz süfrəsi isə xalqımızın qonaqpərvərliyinin, səxavətinin və birlik ruhunun rəmzidir. Səməni, paxlava, şəkərbura, qoğal kimi milli şirniyyatlarımız əsrlər boyu bu Bayramın ayrılmaz atributuna çevrilmişdir. Süfrə ətrafında toplaşan ailələr yalnız Bayramı deyil, həm də nəsillərdən-nəsillərə ötürülən mənəvi bağları qeyd edirlər.
Azərbaycan qadını isə bu ənənələrin qorunub yaşadılmasında xüsusi rol oynayır. Evində səməni yetişdirən, süfrə hazırlayan, uşaqlara Bayramın mənasını izah edən ana və nənələr əslində xalqın mənəvi yaddaşının qoruyucularıdır. Məhz qadınların bu misilsiz zəhməti sayəsində Novruz təkcə bir Bayram deyil, həm də milli kimliyimizin canlı təcəssümünə çevrilmişdir.
Sevindirici haldır ki, bu gün Novruz Bayramı artıq Azərbaycanın bütün guşələrində, o cümlədən uzun illər həsrətində olduğumuz qədim torpaqlarımızda böyük coşqu ilə qeyd olunur. Azad edilmiş yurd yerlərində qalanan Novruz tonqalları yalnız Baharın gəlişini deyil, həm də tariximizin ədalətinin bərpasını, milli qürurumuzun yenidən dirçəlişini simvolizə edir.
Dövlət səviyyəsində milli dəyərlərimizin qorunmasına göstərilən diqqət və qayğı da xüsusi qeyd olunmalıdır. Xüsusilə
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli-Mənəvi İrsimizin dünyada tanıdılması və qorunması istiqamətində gördüyü işlər böyük əhəmiyyət daşıyır. Onun təşəbbüsləri nəticəsində Novruz Bayramının beynəlxalq səviyyədə tanınması, UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin qlobal miqyasda təbliğinə mühüm töhfə vermişdir.
Bu gün Novruz yalnız keçmişin yadigarı deyil, həm də gələcəyə uzanan mənəvi körpüdür. Bu Bayram bizə xatırladır ki, xalq olaraq gücümüz birlikdə, kökümüz isə tariximizdədir. Milli ənənələrimizi qorumaq, gənc nəsillərə ötürmək və onları yaşatmaq hər birimizin müqəddəs borcudur.
Novruz tonqallarının alovu əsrlər boyu sönmədiyi kimi, xalqımızın milli ruhu da daim yaşayacaq. Baharın gəlişi ilə bərabər qəlbimizdə ümid, evlərimizdə bərəkət, torpağımızda isə sülh və firavanlıq daim var olsun !
Novruz bizim yaddaşımızdır, kimliyimizdir, gələcəyimizdir !
“
Azərbaycan Qadınları Respublika Cəmiyyəti“ İ. B. sədri
Bahar Qasımova