VETENİM-AZERBAYCANDİR.AZ
Onun dövlətçilik fəlsəfəsi, idarəçilik bacarığı, uzaqgörənliyi və qlobal miqyasda qəbul olunan liderlik keyfiyyətləri Heydər Əliyevi dünya miqyaslı lider səviyyəsinə yüksəltmişdir. XX əsrin sonu – XXI əsrin əvvəllərində mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə onun atdığı addımlar təkcə Azərbaycanda deyil, regionda və beynəlxalq aləmdə böyük əhəmiyyətə malik olmuşdur.
Heydər Əliyevin dünya miqyaslı lider kimi tanınmasının əsas səbəblərindən biri onun beynəlxalq siyasətdəki dayanqlı mövqeyi və qlobal güclər arasında balans yaratmaq bacarığı idi. Müstəqilliyin ilk illərində Azərbaycan olduqca mürəkkəb şəraitlə üz-üzə qalmışdı, lakin Heydər Əliyevin təcrübəsi və siyasi iradəsi sayəsində ölkə qısa zamanda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. O, böyük dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurdu, Azərbaycanın səsi beynəlxalq təşkilatlarda daha güclü eşidilməyə başladı.
Ümummilli lider xüsusilə enerji təhlükəsizliyi sahəsində dünya siyasətinə yeni məzmun gətirən təşəbbüsləri ilə seçilmişdir. Onun uzaqgörənliyi nəticəsində gerçəkləşən “Əsrin müqaviləsi” təkcə Azərbaycan iqtisadiyyatını dirçəltmədi, həm də regionun geosiyasi xəritəsini dəyişdi. Bu layihə Qafqazın və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməklə Heydər Əliyevin qlobal miqyasda düşünən lider olduğunu bir daha sübut etdi. O, region dövlətləri arasında əməkdaşlıq mühitinin yaradılmasına, beynəlxalq enerji şəbəkələrinin formalaşmasına və iqtisadi tərəfdaşlıqların genişlənməsinə önəmli təsir göstərdi.
Heydər Əliyevin liderlik üslubunun ən diqqətçəkən cəhətlərindən biri də onun dünya siyasətində sülhün və sabitliyin tərəfdarı olması idi. O, münaqişələrin dialoq yolu ilə həllini dəstəkləyir, beynəlxalq hüququn prinsiplərinə xüsusi önəm verirdi. Azərbaycanın müstəqilliyinin ən həssas dönəmlərində kompromis tapmaq, strateji qərarlar vermək, ölkəni təhlükəsizlik risklərindən uzaqlaşdırmaq onun dövlət xadimi kimi böyüklüyünü üzə çıxarırdı. Dünya liderləri arasında böyük hörmət qazanan Heydər Əliyev qlobal siyasi səviyyədə etibarlı söz sahibinə çevrilmişdi.
Ulu öndərin müasir dövrün tələblərinə uyğun siyasi modeli beynəlxalq arenada idarəçilik nümunəsi kimi qəbul edilirdi. Onun xarici siyasəti ölkənin milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq üçün yeni imkanlar açırdı. Bu siyasət Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirdi, ölkənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi.
Heydər Əliyevin liderlik keyfiyyətləri, tarixi qərarları və dünyaya təsir edən siyasi irsi onun nə qədər böyük miqyaslı dövlət xadimi olduğunu göstərir. Bu gün də bir çox beynəlxalq araşdırmalarda, siyasi təhlillərdə Heydər Əliyev öz dövrünün ən nüfuzlu liderlərindən biri kimi qiymətləndirilir. O, qlobal siyasətdə özünəməxsus yeri olan, adı dünya miqyasında hörmətlə çəkilən tarixi şəxsiyyətlərdən biridir.
Heydər Əliyev dünya miqyaslı lider idi — çünki o, yalnız Azərbaycan üçün deyil, bütün region və beynəlxalq icma üçün strateji önəm daşıyan qərarlar verən, sabitlik yaradan, inkişafı təşviq edən böyük dövlət xadimi idi. Onun irsi bu gün də dünya siyasətində əhəmiyyətini qorumaqda davam edir.
Gülxar Rəhimli,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.