Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ZƏFƏRİN SƏSİ-8 NOYABR

ZƏFƏRİN SƏSİ-8 NOYABR
8-11-2025, 00:25 550 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ 

     Tarixin yaddaşına çoxlu günlər həkk olunub, amma millətin ruhunda silinməz iz qoyan günlər var. 
8 NOYABR – ZƏFƏR GÜNÜ Azərbaycan xalqı üçün müqəddəs, qürur, sevinc, göz yaşları ilə doludur. Bu gün təkcə Qələbə bayramı deyil, həm də ədalətin, səbrin, xalqın yenilməz ruhuhun milli birlik günüdür.

     Qarabağ üç onillikdə ürəyimizdə gəzdirdiyimiz arzunun adıdır. Bu arzu həm xəyal, həm də ümid idi. Bu ümid bizi bir millət olaraq birləşdirdi, ruhumuzu ayaqda saxladı. Və nəhayət, 2020-ci ilin payızında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu arzusunu qələbəyə çevirdi. 44 günlük Vətən Müharibəsi xalqımızın tarixinə şərəf, şücaət, milli həmrəylik dəstanı kimi yazıldı. Prezidentin layiqli silahdaşı Mehriban xanım Əliyeva Zəfər yolunda qadınlara güc, iradə və birlik nümunəsi göstərərək, Vətənimizin qələbəsinə öz töhfəsini verdi. 

     Bu gün biz qalib xalqın övladları olaraq Qələbə Gününü qeyd etməklə təkcə qələbəni deyil, həm də bir xalqın dirçəlişini qeyd edirik. Heç vaxt sönməyən bu dirçəliş, Xarıbülbülün nəfəsi, Qarabağın ürək döyüntüsüdür.

     Xarıbülbül bu torpaqlarda yenidən çiçək açanda, dağların zirvəsindən bizə baxan kimi şəhidlərin ruhu da bu torpaqlarda canlandı. O baxışda həm sevinc, həm də kədər vardı. Axı bu qələbənin qiyməti qanla, mərdliklə, məhəbbətlə yazılıb. Şuşanın səmasında dalğalanan üçrəngli bayraq bu xalqın möhkəm iradəsinin, birliyinin, əbədiliyinin rəmzidir.

     Azərbaycan əsgəri düşməni sadəcə məğlub etməyib, qorxuya, ümidsizliyə, əsarətə qalib gəlib. Azərbaycan əsgəri təkcə silahla deyil, həm də inamla, Vətən sevgisi ilə, şəhidlərin ruhundan aldığı güclə döyüşüb. Hər bir əsgər bilirdi ki, bu müharibə torpaq uğrunda deyil, ədalət, vicdan, milli ləyaqət uğrunda gedir. Şəhidlərimiz torpaq uğrunda ölməyib; Vətən üçün yaşayırlar.

     Vətən müharibəsinin hər bir qəhrəmanı epik qəhrəmandır. Hər şəhid bir ulduzdur, hər qazi bir şəfəq şüasıdır. Vətən uğrunda canından keçən hər bir oğulun adı bu torpağın damarlarında axan qan kimi yaddaşlarda əbədi qalacaq.

     Bu gün biz Qələbəni qeyd edərkən təkcə sevinmirik, həm də şəhid olan qəhrəmanlarımızı minnətdarlıqla yad edirik. Axı azad torpaqlarda hər bir uşağın gülüşü, hər bayrağın dalğalanması, hər azan səsi onların bizə mirasıdır. Nə qədər ki, biz bu torpaqlarda yaşayırıq, onların xatirəsi yaşayacaq.

     8 noyabr həm də şəhid analarının, qazilərin, əsgərlərin, bütövlükdə xalqımızın birliyinin bayramıdır. Bu gün biz sevinirik, amma bu sevincdə minlərlə şəhidin ruhuna ehtiram, minlərlə ailənin kədəri dayanır. Onların fədakarlığı sayəsində bu azad torpaqlarda başıuca və qürurla gezirik. Onların qəhrəmanlığı müqəddəsdir, Azərbaycan xalqının genetik yaddaşına həkk olunub.

     Bu qələbə həm də bizə dərs oldu: birlik olanda xalq qalib gəlir. O günlərdə hiss etdiyimiz həmrəylik, dövlətə, orduya inam, bayrağımıza olan sevgi bizim əsl gücümüzün qaynağıdır. O dövrlərdə hər bir azərbaycanlı döyüşçü idi: kimi səngərdə, kimi dua ilə, kimisi yardımı ilə. Bu müqəddəs savaşda Türkiyə dövləti hər zaman yanımızda olub, mənəvi, siyasi, hərbi dəstəyi ilə bizə güc verdi. 

     Bu gün biz fəxr edirik ki, bu qələbənin sahibi xalqdır, simvolu Azərbaycan ordusu və onun igid oğullarıdır. Ona görə fəxr edirik ki, vətən sevgisi bizi birləşdirdi, şəhidlərin qanı bizi saflaşdırdı, qələbə bizi ucaltdı.

     Onların adları vətənimizin salnaməsinə əbədi həkk olunub və hər dəfə bu səhifələri vərəqlədikdə onların qəhrəmanlığından güc alır, daha gözəl gələcəyə inamla doluruq. Məhz onların sayəsində biz əsl vətəndaş olmağın nə demək olduğunu, Vətənə xidmətin əsl mənasını, azadlığın və müstəqilliyin böyük qiymətini dərk edirik.

     Hər bir şəhidin adında tarix, hər qazinin gözündə qürur var. Onların fədakarlığı, mətanəti, qəhrəmanlığı bu torpaqları dirçəltdi, Qarabağa həyat, xalqa inam verdi. Onlar bizə gülüşlərini, gəncliyini, arzularını - bu torpağın sabahına hədiyyə etdilər. Və əgər bu gün biz sakit səma altında nəfəs alırıqsa, bu, onların qanı, duaları və qəhrəmanlığı sayəsindədir.

     Mən fəxr edirəm ki, Azərbaycan övladıyam. Mən fəxr edirəm ki, bu torpaqda doğulmuşam. O torpaqda ki, qəhrəmanlarımızla, tariximizlə, xalqımızın sarsılmaz ruhu ilə böyümüşəm. 

     Dünyada sülhdən, sabitlikdən, azad nəfəs almaqdan qiymətli heç nə yoxdur. Biz isə bu sülhü və azadlığı qorumaq üçün hər zaman həmrəy və güclü olmalıyıq.

     Qoy bu müqəddəs Zəfər Günü hər birimizin qəlbində and olsun: Söz veririk ki, bu Vətəni sevəcəyik, onu əziz tutacağıq, azadlığını əbədi qoruyacağıq. Axı bu torpağın hər qarışı şəhid qanına hopub və bu qan bizim varlığımızın ən dərin mənasıdır.

Və biz inamla deyirik:
Qarabağ Azərbaycandır!
Zəfər Günün mübarək, Azərbaycan!

Kəmalə Qasımova
"Azərbaycan Qadınları Respublika Cəmiyyəti "İ.B.
Türkiyə nümayəndəsi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI