VETENİM-AZERBAYCANDİR.AZ
“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin Natəvan zalında, Azərbaycan və Ukrayna Yazıçılar Birliklərinin üzvü, 1996-cı ildən başlayaraq 25 il ərzində Krım vilayətinin Sevastopol şəhərində fəaliyyət göstərmiş “Qobustan” Azərbaycan radiosunun təsisçisi və baş redaktoru Həbib Əliyevin 80 illiyi, həmçinin “Krım gündəlikləri” və “Krım radiosunda Azərbaycan ziyalıları” adlı kitablarının təqdimatı keçirilib.
Tədbirdən əvvəl Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş əsgər və zabitlərimiz bir dəqiqəlik sükutla yad olundu. Daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü Aygün Hüseyn, Həbib Əliyevin həyat və fəaliyyəti barədə qısa məlumat verərək sözü yubilyara verdi.
Çıxışı zamanı Həbib Əliyev öz həyat yolundan və Ukraynada “Qobustan” Azərbaycan radiosunun yaranma tarixindən geniş danışaraq bildirdi ki, o, bu illər ərzində bir neçə kitabın və eyni zamanda dövrü mətbuat orqanlarında Ukrayna–Azərbaycan dostluqları barədə məqalələrin müəllifidir.
Sonra yubilyarı təbrik etmək üçün söz “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadəyə verildi. Tofiq Əlizadə qeyd etdi ki, Həbib Əliyevi 1996-cı ildən tanıyır. O zaman Ukraynanın Krım vilayətinin Sevastopol şəhərində Azərbaycan dilində yayımlanan “Qobustan” adlı radio Həbib müəllimin təşəbbüsü ilə yenicə yaranmışdı.
“Tofiq müəllim əlavə etdi ki, Həbib müəllim hər dəfə Bakıya dönərkən mənimlə görüşür və radionun fəaliyyətindən fərəh hissi ilə danışırdı. Həbib Əliyev Bakıda müəllimlik fəaliyyətini yarımçıq qoyaraq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Ukraynanın Krım vilayətinə üz tutmuş və 25 il ərzində həmin Azərbaycan radiosu vasitəsilə xarici bir ölkədə Azərbaycanın musiqi mədəniyyətini və ədəbiyyatını təbliğ etmişdir,” – deyə Tofiq Əlizadə vurğulayıb.
Həbib Əliyev 2013-cü ildə beynəlxalq jurnalistlərin radio üzrə müsabiqəsinin laureatı diplomu və gümüş medalla, 2015-ci ildə isə Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif olunub.
Daha sonra çıxış edən ziyalılardan Vaqif Rüstəmov, Nadir Cəfərov, Məhərrəm Məhərrəmov, Nurəddin Salayev, Dünyaxanım Əliyeva və başqaları Həbib Əliyevə can sağlığı arzulayıblar.

