VETENİM-AZERBAYCANDİR.AZ
Əqdəs Bağırzadə beynəlxalq səviyyədə tanınmış fotorəssamdır. Onun əsərləri Madrid, Milan, Budapeşt və Parisdə sərgilənib. “Mənim əks tərəfim” seriyası 59-cu Venetsiya Biennalesinin bir hissəsi idi və indi onu Tbilisidəki IAart Qalereyasında sərqilənib.
▪︎
“Mənim əks tərəfim” çox şəxsi layihədir. Heç bir şüar və ya cari siyasi gündəm yoxdur. Eyni zamanda, Bağırzadənin fotoşəkilləri ilk baxışdan göründüyündən daha çox fəlsəfə və metafora ehtiva edir. “Mənim əks tərəfim” insanı həyatın mənası və seçdiyi yol haqqında düşünməyə sövq edən bir növ “memento mori”dir – düşünmək üçün tükənməz bir mövzudur. Seriyadakı əsərlər səhnələşdirilmiş deyil, bu da onları fotoqrafın çox sevdiyi sənədli fotoqrafiyasına bənzədir. Hər bir kadr müəyyən bir rakursda və təbii işıqda bir anda yaranır - yəqin ki, kadrlara xüsusi maqiya verən də budur. Köhnəlmiş taxta qapı, üstündə köhnə tikiş maşınının konturlarının göründüyü daş divar, oyma çərçivədə güzgü – buludlu əksi ilə üz-üzə xırdalanmış xalça, hörümçək toru ilə örtülmüş rəfdə unudulmuş saatda zaman dayanıb.
Əqdəs varlığın maddi fraqmentlərini diqqətlə toplayır və sanki keçmişin kölgələrinin yaşadığı çoxdan tərk edilmiş otağın səssizliyinə qulaq asır. Rəssam tez-tez yaxın planlardan istifadə edir, materialın fakturasına baxır, sanki əlini kobud bir səth üzərində gəzdirir. Çəkilişlərindəki çatlar, çapıqlar, paslar heç də dramatik deyil, əksinə, gündəlik həyatlarında mənzərəli və hətta rahatdırlar. Əqdəsin əsərlərində insanlara nadir rast gəlinir. Güzgüdə əks olunan qız, yağış selində gəzən cütlük, rəqsdə fırlanan dərvişlər - zamanın kətan parçasına toxunan əlçatmaz obrazlardır.
Əgdəs qəsdən parlaq rənglərdən qaçır; bəzi kadrlar oxra və sepiya ilə əks olunan xatirələr kimi demək olar ki, monoxromdur. Onlar ailə albomlarından solmuş fotoşəkillərin cazibəsinə malikdirlər.
Rəssam köhnə şəkilləri necə bərpa edəcəyini bilir. O, bu bacarığı ABŞ-ın Kanzas Siti Universitetində təkminlləşdirmiş və burada vizual və musiqi layihələrinin kuratoru kimi təcrübə keçmişdir.
“Mənim əks tərəfim” silsiləsi intonasiya baxımından onun digər irimiqyaslı tədqiqat layihəsinə – “19-20-ci əsrlərdə Bakının memarlıq irsi”nə yaxındır. Əgdəs 20 ildən artıqdır ki, bu mövzu üzərində işləyir. Fotoşəkillərin ortaya çıxmasından əvvəl arxivlərdə əziyyətli iş, binaların tarixinin öyrənilməsi və keçmiş küçə adlarının axtarışı aparılıb. Rəssam köhnə fotoşəkillərdə çəkilmiş Bakının bir çox guşələrini tapmağı bacarıb. O, onları bərpa etmiş, inqilabdan əvvəlki və sovet dövrünün şəkillərini şəhərin müasir siması ilə müqayisə etmiş və geri dönməz dəyişiklikləri təəssüflə qeyd etmişdir - köhnə Bakı fondu adlanan fondun çoxlu sayda nadir memarlıq nümunələri itirilmişdir...
Əqdəsin başqa yaradıcılıq seriyaları da var: “Caz partisi, "Salam, Azərbaycan!", "Leyli və Məcnun”, İnsanlar və kuklalar”, "İçərişəhər - şəhər içində şəhər", "Köhnə şəhərin darvazaları” (Daşkənddəki fotobiennalenin qızıl medalı). Bağırzadənin demək olar ki, bütün yaradıcılığı bir növ Azərbaycanla, onun mədəniyyəti ilə, sevimli Bakısı ilə bağlıdır. Həm də musiqi ilə. Əqdəs musiqiçi ailəsində doğulub, Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib, lakin əlindən aldığı zədə ona pianoçu kimi karyerasını davam etdirməyə imkan verməyib. Sonra istiqamətini kökündən dəyişmək qərarına gəldi və Qərb Universitetinin İdarəetmə və Bank işi fakültəsinə daxil oldu. Amma yaradıcılıq həvəsi Əqdəsi tərk etmədi və onun gələcək yolunu gənclik illərində olan fotoqrafiya həvəsinin peşəsinə çevrilməsi müəyyən etdi. Sonra çoxsaylı respublika və beynəlxalq müsabiqələrdə iştirak və qalibiyyətlər, münsiflər heyətinə dəvətlər olub.
Əqdəs Bağırzadənin kamera xarakterli olan yaradıcılığının müxtəlif ölkələrdə çoxlu pərəstişkarlar tapması təəccüblü deyil, çünki emosional obrazlar dil tərcüməçi tələb etmir.
Bundan əlavə, onun populyarlığının sirri hər bir həkk olunmuş obyektə və həyatımızı, zamanımızı əks etdirən ötəri anlara olan böyük sevgisindədir.
■
(Yazı "Баку" jurnalının iyul-avqust 2025-ci il tarixli 4 (108)-ci nömrəsində rus dilində dərc edilən məqalədən tərcümə edilmişdir.)
Tərcümə: Etibar Əliyev
17 avqust 2025-ci il.


