VETENİM-AZERBAYCANDİR.AZ
Azərbaycan milli mətbuatı öz başlanğıcını 1875-ci il iyulun 22-də görkəmli maarifçi və ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzetindən götürür. Bu tarixi hadisə təkcə bir qəzetin çap edilməsi ilə yadda qalmadı, eyni zamanda xalqın maariflənməsi, milli oyanış, ictimai şüurun formalaşması və dilimizin inkişafı üçün əsaslı təməl oldu. “Əkinçi” qəzeti sadəcə bir nəşr deyil, eyni zamanda bir ideya daşıyıcısı, xalqla ziyalı arasında körpü rolunu oynayan ilk milli informasiya platforması idi. Onun səhifələrində kənd təsərrüfatı, təhsil, səhiyyə, sosial məsələlər və milli dəyərlərlə bağlı məqalələr dərc edilirdi ki, bu da onu sıravi bir qəzetdən fərqləndirərək ictimai tribuna səviyyəsinə yüksəldirdi. O gündən bu günə qədər Azərbaycan mətbuatı çətin, lakin şərəfli bir yol keçmiş, ölkənin ictimai-siyasi, mədəni və sosial həyatında mühüm rol oynamışdır. Müstəqillik dövründə isə media daha da inkişaf edərək demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsinə çevrilmiş, informasiya cəmiyyətinin formalaşmasında və ictimai rəyi düzgün istiqamətləndirməkdə əhəmiyyətli bir gücə sahib olmuşdur.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər portalı olaraq bu əlamətdar gün münasibətilə uzun və şərəfli yol keçmiş Azərbaycan mətbuatının bütün nümayəndələrini – jurnalistləri, redaktorları, operatorları, texniki heyəti və informasiya cəbhəsində çalışan hər kəsi ürəkdən təbrik edirik!
Mətbuat yalnız xəbərlərin yayılması deyil, eyni zamanda cəmiyyətin güzgüsü, vətəndaş mövqeyinin formalaşmasında mühüm rol oynayan bir vasitədir. Qələm sahibləri illərdir ki, gerçəkləri çatdırmaq, maarifləndirmək, suallar doğurmaq və cəmiyyətin inkişafına təkan vermək üçün yorulmadan çalışırlar. Bu əzmkarlıq, peşəkarlıq və vətənpərvərlik ruhu xüsusi dəyərləndirilməlidir.
Zaman dəyişsə də, texnologiyalar irəliləsə də, medianın cəmiyyətdəki rolu və önəmi azalmır, əksinə daha da artır. Xüsusilə informasiya müharibələrinin, dezinformasiyanın geniş yayıldığı dövrümüzdə doğru, qərəzsiz və çevik informasiya təminatı hər zamankından daha əhəmiyyətlidir. Bu mənada Azərbaycan jurnalistləri və media qurumları üzərlərinə düşən missiyanı ləyaqətlə yerinə yetirirlər.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər portalının baş redaktoru Kamran Orucovun rəhbərliyi altında kollektiv olaraq, biz də bu missiyanın bir parçası olmaqdan qürur duyuruq. Prezidentini, Vətənini, həqiqəti və oxucunu sevən bir redaksiya olaraq hər zaman doğru və dürüst informasiya ilə ictimaiyyətin yanında olmağa davam edəcəyik.Bir daha bütün mətbuat işçilərini təbrik edir, peşə fəaliyyətlərində uğurlar və daim xalqın etimadını qazanmağı arzulayırıq!
Qələm hər zaman doğrunun tərəfində olsun!İsmayılova Ayşən.