Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Ulu Öndərin Yolunda Sənət və Qurtuluşun Birləşdiyi Yer”

“Ulu Öndərin Yolunda Sənət və Qurtuluşun Birləşdiyi Yer”
13-06-2025, 18:20 1 583 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

1993-cü ilin 15 iyun tarixi – Azərbaycan xalqı üçün sadəcə bir siyasi dönüş yox, eyni zamanda mənəvi bir dirçəlişin başlanğıcı oldu. Bu gün, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdığı, dövlətçiliyimizin xilası və müstəqilliyimizin qorunması üçün tarixi məsuliyyəti öz üzərinə götürdüyü gündür. Ancaq bu günün mahiyyəti yalnız dövlət idarəçiliyində deyil, eyni zamanda Azərbaycan incəsənətində, xüsusilə də rəssamlıq sənətində yeni bir mərhələnin başlanğıcı kimi də yadda qaldı.
Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, “Bir milləti yaşadan yalnız onun torpağı deyil, eyni zamanda onun ruhu, tarixi, sənətidir.” Məhz bu baxışdan çıxış edərək demək olar ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan rəssamlarının ruhunun da azadlığa qovuşduğu gündür. Çünki sənət azad nəfəs, sərbəst düşüncə tələb edir. Rəssamlıqda azadlıq və özünüdərk başladı. Milli Qurtuluş Günü ilə bərabər, Azərbaycan rəssamları artıq yalnız sifarişlə yox, ruhunun istəyi ilə işləməyə başladı. Qədim motivlərə, miniatür sənətinə, xalça ornamentlərinə dönüş başladı. Bu, sadəcə estetik seçim deyil, milli kimliyin rəssamlıq dili ilə bərpa olunması idi. O illərə qədər çox zaman ideoloji məhdudiyyətlər və inzibati təzyiqlərlə üz-üzə qalan sənətkarlar, artıq öz iç səsini dinləməyə, xalqının taleyini rənglərlə ifadə etməyə başladı. Həmin dövrdən başlayaraq Azərbaycan rəssamları artıq qorxmadan çəkə bildi. Xalqın ağrısını da, sevincini də, tarixini də silinməz tablolara köçürdü… Hər bir fırça zərbəsi vətənə, milli birliyə və gələcəyə inamın simvoluna çevrildi.
Heydər Əliyevin ideoloji dəstəyi ilə 90-cı illərin sonlarından etibarən Azərbaycanın tarixi şəxsiyyətləri, dövlətçilik ənənələri, qəhrəmanlıq motivləri rəsm əsərlərində geniş yer almağa başladı. Bu, xalqın kollektiv yaddaşını möhkəmləndirən vizual tarix yaradırdı. Rəssam artıq sadəcə sənətkar deyil, həm də xalqın ruhi dirçəlişində iştirak edən birfikir daşıyıcısı idi. Onların ərsəyə gətirdiyi rəngarəng əsərlər qalereyada sərgilənən tək bir tablo yox, millətin qürur hissinə çevrilə biləcək estetik bir bəyanat idi. Heydər Əliyevin təşəbbüsü ilə rəssamların fəaliyyətini stimullaşdırmaq üçün dövlət sərgiləri, muzey layihələri, beynəlxalq sərgi imkanları genişləndi. Bu, həm sənətkarın, həm də milli sənətin dünyaya çıxışı demək idi. 
Bu gün Milli Qurtuluş Günü incəsənətdə tabloların, heykəllərin, qrafik əsərlərin, hətta teatr və musiqi səhnələrinin mövzu mərkəzinə çevrilib. Şairlər bu günü poetik dillə əbədiləşdirib, bəstəkarlar musiqi ilə ruhlandırıb, rəssamlar isə canlı yaddaş kimi tarixə köçürüblər. Hər bir sənət sahəsində bu günün izi, bu ruhun nəfəsi hiss olunur.
Azərbaycan rəssamları 15 İyunla bağlı yaratdıqları əsərlərdə yalnız hadisəni deyil, onun ruhunu – milli qurtuluşun gətirdiyi mənəvi azadlığı, ideoloji sabitliyi və ümumxalq birliyini tərənnüm ediblər. Heykəltəraşlıq nümunələrində xalqın dirənişi, qrafik lövhələrdə dövlətin sütunları, tabloların rənglərində isə vətənin ruhu yaşayır. Milli Qurtuluş ideyasının davamlılığı üçün vacib amillərdən biri isə gənc rəssamların yetişdirilməsi idi. Azərbaycan Rəssamlıq Akademiyası və digər sənət təhsil ocaqlarında yaradılan mühit, bu gün müasir sənətçilərimizin uğurunun əsasını təşkil edir.
Heydər Əliyev deyirdi: “Əgər xalq öz mədəniyyətini yaşadırsa, demək ki, onun gələcəyi var.” Bu fikrin sənətdəki qarşılığı isə çox aydındır: sənət – xalqın susmayan şahididir. Rəssamın işi, yalnız bir tablo çəkmək deyil, xalqın tarixi yaddaşını formalaşdırmaq, milli kimliyi qorumaq və gələcək nəsillərə dildə vəsiyyət verməkdir. Milli Qurtuluş Günü bu vəsiyyətin başlanğıcı oldu. O gün fırçalar susmadı, əksinədanışmağa başladı, tarixlə, yaddaşla, ruhla. Rəssamlar qurtuluşun susmayan şahidinə çevrildi.
Ziyarət Cabarova-Qəhrəmanova
Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, 
ARİ-nın “Gənc sənətşünaslar” bölməsi üzrə prezident təqaüdçüsü

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI