Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

28 May – Azadlığın sədasıdır

28 May – Azadlığın sədasıdır
27-05-2025, 18:55 268 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

​​​​Tarixin elə anları var ki, illərlə danışar, nəsillərlə danışılar, amma heç vaxt köhnəlməz. Onun dili zamanın pasına boyanmaz, qüruru köhnəlməz, anlamı unudulmaz. Məhz belə bir gündür 28 May – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gün.

Bu tarixdə bir millət öz içindən doğuldu. Bu tarixdə xalq öz adını, öz şəklini, öz yolunu seçdi. İmperiyaların qaranlıq kölgəsində sıxılmış bir millət ayağa qalxıb, öz torpağına, öz dilinə, öz bayrağına sahib çıxdı. 1918-ci ilin 28 mayında Tiflisdə imzalanan bir sənəd – əslində bir millətin alın yazısına çevrildi.

Azərbaycan Xalq Cümhuriyyəti təkcə bir siyasi akt deyildi. Bu – bir düşüncənin, bir mədəniyyətin, bir iradənin manifesti idi. Biz bu coğrafiyada ilk dəfə idi ki, respublika qururduq, ilk dəfə idi ki, xalq iradəsi dövlət idarəçiliyində söz sahibi olurdu. Qadın və kişi bərabər şəkildə seçki hüququ qazanırdı – bu, təkcə Şərq üçün deyil, dünya üçün də cəsarətli bir addım idi.

Amma azadlıq asan qazanc deyil. 23 aylıq ömür yaşadı Cümhuriyyət. Amma o ömrün içində yüzilliklərə dəyəcək dəyərlər, izlər, məktəblər qoyuldu. Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Hüseyn Cavidin və daha neçə-neçə maarifçi şəxslərin idealları bu gün də havamızdadır – biz o nəfəsi alırıq.

28 May bu millətin yaddaşında sadəcə bir gün deyil – bir dönüş nöqtəsidir. Bu, boynubükük tarixdən başıdik gələcəyə aparan körpüdür. Bu, “biz varıq, biz buradayıq, biz azadıq” deyə hayqıran ruhun ad günüdür.

Bu gün biz müstəqil Azərbaycan Respublikasında yaşayırıq. Amma bu müstəqilliyin kökü 1918-ci ilə gedib çıxır. Əgər bu gün üçrəngli bayrağımız qürurla dalğalanırsa, onun hər rəngində bir şəhidin, bir aydının, bir maarifçinin izi var. O izləri unudan, öz yolunu da itirər.

Müstəqillik hər gün yaşanmalı, hər an qorunmalıdır. Onu yalnız qılınc yox, qələm, ürək və iradə yaşadır.
Və mən – bu xalqın bir övladı, bir qələm sahibi olaraq – bu müqəddəs günü başımın üstündə daşıyıram.

Çünki 28 May – azadlığın sədasıdır. Və o səs heç vaxt susmayacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI