VETENİM-AZERBAYCANDİR.AZ
" Dövlətin inkişafı qadınların cəmiyyətdə tutduğu mövqedən asılıdır. Qadınlar nə qədər güclü və fəal olarsa, ölkəmiz bir o qədər irəli gedər."
Heydər Əliyev.
8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi, Azərbaycanda da xüsusi ehtiramla qeyd edilir. Bu gün qadınların cəmiyyətin inkişafında oynadığı mühüm rolu, onların hüquq və azadlıqlarının qorunmasını, eləcə də gender bərabərliyini vurğulamaq üçün əlamətdardır. Ölkəmizdə qadın hüquqlarının təmin olunması, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur.
Azərbaycan qadını əsrlər boyu cəsarəti, zəkası və vətənpərvərliyi ilə seçilmişdir. Azərbaycan qadını ailə dəyərlərini qorumaqla yanaşı, ictimai-siyasi və iqtisadi sahələrdə də fəallıq göstərmişdir.
Sovet dövründə Azərbaycan qadınları təhsilə, iş həyatına və müxtəlif sosial sahələrə inteqrasiya olunmuş, mühüm uğurlar qazanmışdır. Müstəqillik dövründə isə onların hüquqlarının müdafiəsi və cəmiyyətdə rolunun gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev hər zaman qadınların cəmiyyətdəki roluna böyük önəm vermişdir. 1998-ci ildə imzalanmış “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman qadın hüquqlarının qorunması istiqamətində atılan mühüm addımlardan biri olmuşdur.
Heydər Əliyev Azərbaycan qadınını milli-mənəvi dəyərlərin daşıyıcısı, ailə institutunun əsas sütunu və eyni zamanda ölkənin gələcəyinin formalaşmasında mühüm rol oynayan qüvvə kimi dəyərləndirirdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qadınlar dövlətin diqqət və qayğısı sayəsində müxtəlif sahələrdə yüksək vəzifələr tutur, parlamentdə, dövlət idarəçiliyində və biznes sektorunda mühüm mövqelərə sahibdirlər. Onların ictimai həyatın bütün sahələrində fəal iştirakına şərait yaradılır.
Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini xüsusi vurğulamaq istərdim.Onun rəhbərlik etdiyi
Heydər Əliyev Fondu qadınların təhsil almasına, sosial rifahının yüksəldilməsinə və sağlamlığının qorunmasına böyük töhfələr verir. Mehriban xanım Əliyeva Azərbaycan qadınının müasir dünyada yüksək nüfuz qazanmasının bariz nümunəsidir.
Bu gün Azərbaycan qadınları təkcə ailənin deyil, eyni zamanda dövlətin əsas dayaqlarından biri hesab olunur. Onlar elm, təhsil, səhiyyə, mədəniyyət, idman, biznes və digər sahələrdə mühüm nailiyyətlər əldə edirlər. Azərbaycan qadınlarının beynəlxalq arenada da uğurları artır və onların əldə etdiyi nəticələr ölkəmizin inkişafına mühüm töhfə verir . Onlar həm ictimai, həm də ailə həyatında mühüm rol oynayır və yeni nəsillərin yetişdirilməsində məsuliyyət daşıyırlar.
8 Mart Beynəlxalq Qadınlar Günü təkcə bayram deyil, eyni zamanda Azərbaycan qadınının cəmiyyətin bütün sahələrində fəallığını bir daha vurğulayan əlamətdar bir gündür.
Ölkədə gedən uğurlu siyasət nəticəsində qadınlarımız daha da güclənir, ölkənin inkişafında aparıcı qüvvəyə çevrilirlər.
105 illik tarixi olan, on minlərlə Azərbaycan qadınını bir amal, vahid ideologiya və dayanıqlı inkişaf hədəfləri ətrafında birləşdirən Azərbaycan Qadınları Respublika Cəmiyyəti İ.B. (AQRC İ.B.) adından bütün qadınları bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara sağlam, firavan həyat, uğurlar və daha böyük nailiyyətlər arzulayıram !
AQRC İ.B. sədri
Bahar Qasımova