Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ŞUŞADAN İRƏVAN XANLIĞI DA GÖRÜNÜR - FOTOLAR

ŞUŞADAN İRƏVAN XANLIĞI DA GÖRÜNÜR - FOTOLAR
15-04-2022, 08:12 647 dəfə baxılıb

ŞUŞADAN İRƏVAN XANLIĞI DA GÖRÜNÜR
Şuşa zirvəsindən baxanda Zəngəzur da görünür.
Əbu Turxan


Demək olar ki, Qarabağ hadisələri ilə birgə böyümüşəm. Birinci sinifdə oxumağa başlayanda hələ mənasını anlamadığım erməni kəlməsini daha çox eşidirdim. Məndən böyüklər bu kəlməni xüsusi bir nifrətlə dediklərindən, məni maraq götürmüşdü ki, bu sözün altında nələr yatır. Erməni xislətinin nə olduğunu böyüdükcə anlamağa başladım. Oxuduğum məktəbdə və qonşu uşaqları arasında şəhid övladı deyilənlərin sayı günbəgün artırdı. Müəllimlərimiz onların atalarının Vətən uğrunda qəhrəman kimi öldüklərini-şəhid olduqlarını bizə başa salmışdılar. Bu uşaqlara xüsusi bir ehtiram var idi, onları görəndə istər-istəməz kədərlənməklə yanaşı, həm də bir qürur hissi də duyurduq ki, nə yaxşı Vətənimizin müdafiəsi uğrunda canını qurban verən igidlərimiz vardır.

Bircə onu anlayırdıq ki, o dövrdə ordumuz zəif olduğundan, ermənilər torpaqlarımızı zəbt edə-edə gəlirdilər. Qanlı 20 Yanvar, Xocalı hadisələri, itirilən torpaqlarımız, şəhər və kəndlərimiz uşaq yaddaşımızda dərin iz buraxdı. Ən dəhşətlisi isə 1992-ci ilin may ayının 8-də Şuşanın alınması oldu. Bu nəinki Azərbaycanda, bütün dünyada böyük əks-səda doğurdu. Hər kəs Şuşa deyirdi. Bakıda da aləm bir-birinə dəymişdi. Bir müddət keçəndən sonra eşitdik ki, o dövrdəki prezidentimiz Ayaz Mütəllibov devrildi. Sonrakı dövrlərdə də yadda qalan, ürəkaçan nələrinsə baş verdiyini xatırlamıram.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin qayıdışı xalq arasında bir canlanma, coşqu yaratdı, hər kəsin qəlbində bir ümid çırağı yandırdı. Uğurlarımız çoxalmağa, artmağa başladı. Buna baxmayaraq hər bir azərbaycanlının qəlbinin dərinliyində bir dərd var idi - Qarabağ dərdi…
Nəhayət, bəxtimizə gün doğdu. 2020-ci ilin sentyabr ayının 27-də düşmənin təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ayağa qalxan xalq və ordumuz düşmənin üzərinə yeridi. Ordumuzun uğurları, Ali Baş Komandan İlham Əliyevin məntiqli siyasəti müharibənin taleyini həll etdi. Müasir hərb tarixində misli görünməyən Şuşa əməliyyatı müharibədə həlledici an oldu. Düşmən məğlub oldu. İkinci Qarabağ müharibəsi dövlətçilik tariximizin ən şərəfli səhifəsi olaraq Vətən tariximizə qızıl hərflərlə yazıldı. Bu sevinci böyük xalq olaraq birlikdə yaşadıq. Azərbaycan xalqının böyük filosofu Əbu Turxanın fikrincə desək: “Vətəni sevməyin daha bir şərti - onun uğrunda savaşanların sevincini də, acısını da onlarla birlikdə yaşamaqdır”. O andan dünyadakı hər bir azərbaycanlı daha da qürurlu və şərəfli bir insan oldu, özü boyda Qələbə Bayrağına çevrilərək xalqımızın bu tarixi qələbəsinin inamlı carçısına çevrildi.
Prezident İlham Əliyev Şuşa azad edildiyi ilk andan bu qədim, misilsiz gözəl şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etdi və ona daimi olaraq  xüsusi diqqət və qayğı göstərir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi bu şəhərin əhəmiyyətini və şöhrətini daha da artırdı.

Şuşanı görmək istəyi hamı kimi məndə də əsl sevdaya çevrildi və nəhayət istəklərim çin oldu. Nərimanov Tibb Mərkəzinin direktoru tibb üzrə fəlsəfə doktoru Fazil Alməmmədovun göstərdiyi etimada əsasən 2022-ci ilin aprel ayının 3-dən 10-dək təcrübəli həkim qrupu: Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin dosenti anestezioloq-reanimatoloq Kəmalə Namazova, Nərimanov Tibb Mərkəzinin “Yanıq” şöbəsinin həkim-cərrahı, tibb üzrə fəlsəfə doktoru Azər Həsənov ilə birlikdə Şuşa Modul tipli Xəstəxanaya ezam olunduq. Əlimizdən gələni əsirgəmədik. Əsas məqsədimiz azad Şuşamızda yaşayan vətəndaşlarımıza və xidmət göstərən hərbçilərimizə tibbi qayğı göstərmək olsa da, daha böyük amalımız isə müqəddəs şəhərimiz Şuşanı görmək idi.
Şuşada imkan olduqca gəzməli yerləri də gəzdik. Şəhərə baxanda hər tərəfdən erməni vandalizminin izləri görünürdü. Erməni vandalları tarixi abidələrimizi belə məhv etmiş, 28 illik işğal dövründə şəhəri bacardıqları qədər viran qoymuşlar.
Möhtəşəm Şuşa qalasına baxdıqca adam qəribə hisslər keçirir. Elə bil bu qədim qala öz doğmasını, balasını qarşılayır. Adamla pıçıltı ilə danışır və sorduğu bir şey vardır – niyə gec gəldiniz? Şuşanın əsrarəngiz təbiəti: İsa bulağı, Cıdır düzü, Topxana meşəsi, Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi, Yuxarı Gövhərağa Məscidi, Xan qızı Natavanın evi, cansız heykəllər, küçələr belə əl-ələ verərək elə bil gözəllik çələngi toxuyurlar.
Bülbülün ev-muzeyinə ziyarətimiz isə məni yenə kövrək notlara kökləyərək uşaqlıq illərimə apardı. Otaqlarının quruluşu belə Azərbaycanın ənənəvi evlərinə xas olan bu tarixi binanın hər daşında, hər küncündə həm sevinc, həm kədər, bir az da giley-güzar var idi sanki. Azərbaycan musiqi sənətinin inkişafı tarixində bütöv bir dövr olan Bülbülün erməni vandalizminə məruz qalmış büstünə baxanda kövrəlməmək əldə deyil. Təmir-bərpa və yenidənqurma  işlərindən sonra muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılsa da erməni vandalizminə məruz qalmış büstü də erməni vəhşiliyinin bariz nümunəsi kimi saxlanılıb. Bülbülün ev-muzeyi əvvəllər olduğu kimi bu gün də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın mədəniyyət və sənət mərkəzidir.
Xalq şairi Zəlimxan Yaqubun Qarabağa böyük sevgisi var idi. Mənə elə gəlir ki, təbiət Allahın şah əsəridir deyəndə o, Şuşanı nəzərdə tutub yazmışdır. Şuşa həqiqətən də Allahın şah əsəridir. Bu şəhərə ilk baxışdan hər kəs heyran olur. Baxdıqca nə göz doyur, nə könül. Havası, suyu ilahi nemətdir, saflıq, duruluq möcüzəsidir.Bəli, Şuşa belə Şuşadır…

Əsgərlərimizin yalın əllə keçdiyi sal qayalara baxanda ilk olaraq gözlərimi dolduran qürur hissi oldu, fəxr elədim. Belə igidləri yetişdirən bir xalqın övladı olduğum üçün özümü xoşbəxt hiss edirəm. Bir qız, üç oğul anasıyam – oğullarıma danışmağa bir igidlik dastanım var.
İndi Şuşanın hər bir tərəfində geniş miqyaslı və sürətli quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmişə olduğu kimi sözünün ağasıdır- Şuşa şəhəri həqiqətən də yenidən dirçəlir.
Yenə də Əbu Turxanın dahiyanə fikirləri düşüncələrimə hakim kəsilir: “Şuşa zirvəsindən baxanda Zəngəzur da görünür”.
Ustad, məncə, bəsirət gözü ilə baxanda burdan İrəvan xanlığı da görünür…

Sevil Orucova,
Nərimanov Tibb Mərkəzinin “Yanıq”
şöbəsinin həkim-pediatrı


Fotolar













ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI