Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İsrail müdafiə nazirinin Azərbaycan səfəri: Səhnə arxasındakı gündəlik - TƏHLİL + FOTO

İsrail müdafiə nazirinin Azərbaycan səfəri: Səhnə arxasındakı gündəlik - TƏHLİL + FOTO
13-07-2023, 17:59 150 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


İsrailin müdafiə naziri Yoav Qallantın Azərbaycana səfər etməsinin ikitərəfli hərbi, təhlükəsizlik sahələrindəki əlaqələrdən ziyadə böyük regional gündəliyə söykənən aspektləri var.
Diqqət ediləsi məqamlar - Yaxın Şərq və Cənubi Qafqaz regionlarındakı əlaqəli bağlar kontekstində:
- İran Yaxın Şərq cinahında - Livanda, Fələstində, Suriyadakı - mövqelərini, memarı olduğu “Hizbullah” qüvvələrini İsrailə qarşı müqavimət cəbhəsində yeni fazaya keçirir;
- Proksi qüvvələrdən istifadə İranın xarici siyasətindəki “döyüş” səhnələrini təşkil etdiyindən Yaxın Şərqdəki proseslərin Cənubi Qafqaza sirayəti ehtimalları artır;
- Türkiyənin NATO-nun maraqlarını üstün tutan bəyanat və hərəkətlərindən sonra İran Rusiya ilə əlbir olub Ankaranı Suriya və Cənubi Qafqazda sıxışdırmağa can atır, prosesə Çini də cəlb etmək istəyir;
- İranın yüksəkrütbəli hərbi rəsmilərinin İranın şimal-qərb sərhədlərindən (Azərbaycanla sərhəd nəzərdə tutulur) İsrail təhdidlərinin gəldiyini iddia etməsi diqqət çəkir;
- Ali dini rəhbər Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti döngəni daha geniş götürərək İranın Zəngəzur dəhlizinə qarşı müqavimətini əsaslandırmağa çalışır;
- O, dəhlizin açılması perspektivini Ermənistanın bölünməsi, İranın beynəlxalq çıxışında maneə kimi qiymətləndirir;
- Beləliklə, Zəngəzur proyektinin reallaşmasının regionda uzunmüddətli gərginliyə səbəb olacağını deyir.
İsrail Cənubi Qafqazda Türkiyə ilə açıq-gizli əməkdaşlıq rejimini davam etdirir, bu mənada İranın vurğuları təkcə Qərbə qarşı yox, həm də Ankara-Təl-Əviv münasibətlərinin fazasına, Azərbaycanın bu aralıqda tutduğu mövqelərə işarə verir.
Beləliklə, İran üçün regionda münaqişə olması daha sərfəli variant kimi görünür, onun Azərbaycan-Ermənistan münasibətlərindəki sülh gündəliyi, bu proqramın yaratdığı geniş regional kontekstə qısqanc münasibəti bu fikri qüvvətləndirir.
Bilinən budur ki, İran üçün Qarabağ mövzusunun doğurduğu geosiyasi nəticələri Azərbaycan əleyhinə blok etmək cəhdləri region üçün təhdidləri sovuşdurmur.
Bu mənada, İran Qarabağla bağlı yeni mərhələnin başlanmasına əlahiddə ehtiyac duyur, çünki regionda separatizm, münaqişələr, Tehranın regional genişlənmə siyasəti üçün bol fürsətlər deməkdir.
İran məqsədinə doğru irəliləməkdən ötrü regiondakı müqavimət oxlarını bir neçə yerə, o cümlədən İsrailə qarşı tuşlayır, Təl-Əvivi çəkindirmək üçün proksi qüvvələrin bir qismini regiona rotasiya etməyi planlaşdırır.
Azərbaycan İrana barmaq yeri qoymamaq üçün regiondakı separatçı ünsürlərin zərərsizləşdirilməsini ali məqsədlərindən biri hesab etdiyindən İsraillə əməkdaşlıqda lazım olan zirvəni fəth etməlidir.
Maraqlısı budur ki, Yoav Qallantın Azərbaycana səfərində Qarabağ notları aydın sezilməkdədir, separatçılıqla mübarizə ilə İranın əlaltı qüvvələrinə qarşı mübarizə meydanında koordinasiya ruhunu bəxş edən çalarlar gözə çarpmaqdadır.
Qallantın səfəri ərəfəsində İsrailin xarici işlər naziri Eli Kohenin Serbiyada: “Azərbaycanda İsrail səfirliyinə qarşı planlaşdırılan terrorun arxasında İran dayanır”, - deməsi regionda Tehranın maraqlarına xidmət edən terrorçu qüvvələrin artdığına dair əlamətləri özündə daşıyır.

Ona görə də “Qarabağ və proksi təhdidlər” mövzusu Azərbaycan-Türkiyə strateji zehniyyəti ilə yanaşı, İsrailin regional siyasəti ilə bağlı zəkasını da narahat edir. Hər bir vəziyyətdə qeyd oluna bilər ki, İsrail İranın artan təhdidləri fonunda Azərbaycanın Qarabağda antiterror əməliyyatları başladıb, onun uğurla yekunlaşmasında maraqlıdır. Müdafiə naziri Zakir Həsənovla Qallantın görüşündə Həsənovun Azərbaycan xəritəsindəki Qarabağ zonasını göstərməsinin fotosu eyni məzmuna vurğu kimi şərh edilə bilər.
Qallantın səfərindən sonra regionda ritorikanın yenidən qaynar etapa daxil olacağını gözləmək məntiqli olardı, bunun təsirləri isə mövcud geosiyasi nəticələri Azərbaycanın xeyrinə dəyişə bilər - Qarabağda və Ermənistanla sərhəddəki mümkün əməliyyatlarla.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI