Bu gün dünyada və regionda baş verən prosesləri diqqətlə izləyən, üzərimizə yönəlmiş xain hücumların mahiyyətini anlayan, bəzən hətta mübaliğəli, gəlişigözəl ifadələrin arxasındakı məkr və hiyləni sezə bilənlər tarix boyu mövcud olduğumuz böyük bir coğrafiyada dik ayaq üstə qalmanın nə qədər çətin olduğunu, qənaətimə görə, yaxşı başa düşürlər.
Azərbaycan təkcə maraqların deyil, həmçinin milli varlığımıza, inkişafımıza qənim kəsilən, yüksək bəşəri dəyərləri belə öz miskin siyasətlərinə asanlıqla alət etməyi bacaran ikiüzlü, riyakar iştahların meydan suladığı bir bölgədə usanmadan öz böyük hədəflərinə doğru inamla addımlayır. Yürüməkdə olduğumuz bu yolda milli iradəmizi ifadə edənlərin qətiyyəti maneə tanımadığı kimi, xainlərin hiylələri, məkrli planları da sərhəd tanımır. Belə bir həssas, bölgənin və bütövlükdə Türk Dünyasının gələcəyi üçün tarixi əhəmiyyət daşıyan zaman kəsiyində bitib-tükənməyən hiylə və xəyanətləriylə marığda duranlara qarşı tətikdə dayananlarımız - görünməyən, gizli qəhrəmanlarımız var. Və nə yaxşı ki, var!
İndi müxtəlif maraqların gölgəsində daldalananlarla, fitrətdən kölgə olanlarla üzərinə kölgə salınanların arasındakı fərqi sezmək üçün bəsirət gözünün işığına sığınmalısan. Bu qədər çətindir yəni milli maraqların keşiyində dayanıb təhdidlərin qarşısında olmaq. Bu missiyanın şərəfini üzərinə götürənlər Vətən çəkisində müqəddəs