VETENİM-AZERBAYCANDIR.AZ
Bu günlərdə, 44 günlük Vətən müharibəsində Şəhidlik Zirvəsinə ucalan və Sumqayıt Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin valideynləri - Şəhid Anaları Xaçmaz rayonunun Xudat şəhərində yaşayan Fərəcovlar ailəsini ziyarət etdilər, Vətən müharibəsində şücaəti ilə ad qazanan Qəhrəman şəhidimiz – kiçik çavuş Fəxrəddin Feyzulla oğlu Fərəcovun yeni yaradılan muzeyi ilə yaxından tanış oldular.
F.Fərəcovun valideynləri – Feyzulla bəylə Bahar xanım övladlarını xoş xatirəylə yada saldılar, qonaqlara igid Vətən oğlunun həyat hekayəsini danışaraq, şərəfli mübarizə yolundan söz açdılar.Sumqayıt Şəhidlər Xiyabanında uyuyan igid oğullardan şəhid Səmid Əliyevin anası Əsmər xanım, şəhid Ruslan Məmmədovun anası Rəna xanım, şəhid Elvin İsmayılovun anası Sevil xanım, şəhid Niyaməddin Ələkbərovun anası Xavər xanım, şəhid Rüfət Mustafayevin anası Afət xanım, şəhid Əbil Cəbizadənin anası İradə xanım, şəhid Elçin Hüseynovun anası Mətanət xanım, şəhid Əlizamin Mustafalının anası Ülviyyə xanım, şəhid Akif Cabbarovun xalası Maya xanım, şəhid Tacəddin İsmayılzadənin anası Aygün xanım, şəhid Rəcəb Qulamovun anası Solmaz xanım, şəhid Bəxtiyar Muradovun anası Yeganə xanım, şəhid Cavid Mirzəyevin anası Arzu xanım bu görüşdən məmnun qaldıqlarını bildirərək, kollektiv şəkildə hazırlatdıqları iri həcmli fotoşəkli valideynlərə təqdim etdilər. Şəhidin bacısı Rübabə xanım, uzun məsafəni qət edərək qardaşını yad etməyə gələn Şəhid Analarına, görüşün təşəbbüskarı şair-yazar Esmira Günəşə ailə adından təşəkkürünü bildirdi. O, öz taleyini Sumqayıt şəhəri ilə bağladığını, uzun müddətdir ki, ailəsi ilə bu şəhərdə yaşadığını qeyd etdi və vurğuladı ki, qardaşı Fəxrəddin Fərəcov Sumqayıta qəlbən bağlı, onu ürəkdən sevən gənclərimizdən idi və onun bu şəhərdə yetərincə dost-tanışları vardı, hər dəfə Sumqayıta gələndə mütləq dostları, hərbçi yoldaşları ilə görüşər, şəhid olmuş silahdaşlarının ailələrinə dəyər, problemləri ilə maraqlanar, bacardığı qədər dəstək olmağa çalışardı.
Görüşdə iştirak edən jurnalist, yazıçı-publisist Aygün Hacıyeva xoş münasibətə, qonaqpərvərliyə, əsasən isə, Vətənə belə ləyaqətli, qeyrətli oğul böyütdüklərinə görə, valideynlərə öz təşəkkürünü bildirdi və rəhbəri olduğu “Günəşli Sabah” qəzetinin “Cənnət Mələyi” Diplomunu onlara təqdim etdi.Çay süfrəsi arxasında ağrı-acılı günlər xatırlandı, Zəfər sevinci, geri alınmış torpaqlarda aparılan yenidənqurma işləri, yeni nəfəs verilən azad torpaqlara uzun illər həsrət qalan insanların köç etməsi... doğma Azərbaycanın günəşli sabahı haqqında maraqlı söhbət oldu, fikir mübadiləsi aparıldı.Daha sonra, Vətən müharibəsi qəhrəmanlarından biri olan şəhid İlqar Hüseynlinin ailəsinə gedildi, qonaqlar şəhidin ailə üzvləri və bir igidin şərəfli həyat yolu ilə daha yaxından tanış oldular. Və sonda Xudat məzarlığında uyuyan cəsur Vətən oğulları ziyarət olundu, şəhid məzarları al qərənfillərə büründü...
Sumqayıt şəhərində keçirilən tədbirlərdə müntəzəm olaraq iştirak edən və qiraəti ilə könülləri ram edən, hərbi hissələrdə əsgər və zabitlərin qarşısında vətənpərvərlik şeirləri söyləyərək ruhları oxşayan, bir neçə müsabiqənin qalibi olan, Sumqayıt şəhər 24 saylı tam orta məktəbin 3D sinif şagirdi Leyla Aslanova şair Esmira Günəşin Fəxrəddin Fərəcova həsr olunmuş yeni şeirini səsləndirdi.Çəkilən şəkillər yaşanan gündən xoş xatirə olaraq yaddaşa həkk olundu.
QƏHRƏMANIMIZI DAHA YAXINDAN TANIYAQ:
Qısa ARAYIŞ: Azərbaycan Ordusunun kiçik çavuşu, MAHHXHQ, kəşfiyyatçı Fəxrəddin Feyzulla oğlu Fərəcov 6 noyabr 1993-cü il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində zəhmətkeş bir ailədə anadan olub. 1998-2009-cu illərdə Telman Fərzəliyev adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Uşaq yaşlalarından idmanın bir neçə növü ilə məşğul olan yeniyetmə, məktəbdə oxuduğu illərdəşəhər və respublika yarışlarında iştirak edib, yüksək yerləri tutaraq bir çox təltif və mükafatların sahibi olub.
F.Fərəcov 2009-2011-cü illərdə, Vətən qarşısında borcunu yerinə yetirmək üçün, həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini uğurla başa vuran gənc əsgər, hərbiçi olmaq arzusunu gerçəkləşdirmək üçün, Qusar rayonunda yerləşən “N” hərbi hissədə, Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi, “Motoatıcı manqa komandiri” vəzifəsini icra edərək hərbi xidmətə davam edib. O, 7 illik xidməti dövründə nizam-intizam qaydalarına riayət etməsinə, vəzifə borcunu şərəflə yerinə yetirməsinə görə, dəfələrlə komandanlıq tərəfindən müxtəlif təltiflərə layiq görülüb. F.Fərəcov gözəl xasiyyətinə, ciddi xarakterinə, yüksək insani keyfiyyətlərinə, bilik və savadına, bacarığına görə, təkcə hərbçi yoldaşlarının və komandanlığın deyil, həm də cəmiyyətdə onu tanıyan hər kəsin hörmət və rəğbətini qazanan şəxsiyyət olub.
27.09.2020-ci il tarixdə başlanan Vətən müharibəsində iştirak edən cəsur döyüşçü düşmənlə savaşda iki dəfə yaralansa da, müalicəsini yarımçıq qoyub və yenidən ən ağır döyüş meydanına - Şuşaya qayıdaraq mübarizəsini davam etdirib və şanlı Zəfər tarixinə imzasını atıb.
23.11.2020-ci il tarixdə Cəbrayıl rayonunun Daşkəsən kəndində Şəhidlik Zirvəsinə yüksələn mətin zabit 25.11.2020-ci il tarixdə Xudat şəhərindəki məzarlıqda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Haqq savaşında göstərdiyi igidliyi və vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə görə, Azərbaycan Ordusunun Vətən sevdalı igid kəşfiyyatçısı, Kiçik çavuş Fəxrəddin Feyzulla oğlu Fərəcov ölümündən sonra, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
2014-cü ildə Xəyalə xanımla ailə həyatı quran (14.06.2014) Şəhidimizin 5 yaşı olacaq oğlu Ümid (09.09.2019) və şəhidliyindən sonra dünyaya gələn övladı, özünün adını daşıyan balaca Fəxrəddin (20.04.2021) bizlərə əmanətdir.
-----
Hər zaman “Vətənini sevib qorumağı bacarmayan insan ailəsini də sevə və qoruya bilməz!” deyən qeyrətli Vərən oğlu təkcə Fərəcovar ailəsinin deyil, bütün Azərbaycanın fəxri, qürurudur!Ruhun şad olsun Cənnətməkan Şəhidimiz!
İllər, əsrlər keçsə də, şücaətləri ilə adlarını Azərbaycanın YENİ TARİXinə, könüllərə Qızıl hərflərlə yazan QƏHRƏMAN ŞƏHİDLƏRimiz heç zaman unudulmayacaq! Vətən, Vətəni ürəkdən sevən, ona canını düşünmədən fəda etməyə hazır olan İGİD övladlarının sayəsində VƏTƏNdir!
Aygün Hacıyeva (GÜNƏŞLİ),
AJB, AYB və AAB-nin üzvü