VETENİM-AZERBAYCANDIR.AZ
Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir.
Cari ilin 9 avqust tarixində Qazaxstanın paytaxtı Astanada Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fəxri qonaq qismində iştirak etmişdir.
Cənab Prezidentin Astana şəhərində Mərkəzi Asiya və Azərbaycan Respublikası dövlət başçılarının görüşündə iştirakı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi istiqamətində əhəmiyyətli addımların atılmasına imkan yaradır.
Azərbaycan Prezidenti görüşdə çıxış edərək bildirmişdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur və xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Azərbaycan Prezidenti Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına Mərkəzi Asiya ölkələrinin dəstəyinin qardaşlıq münasibətlərimizdən irəli gəldiyini bildirmişdir.
Azərbaycan Respublikasının Prezidenti çıxışında Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən birinin də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın olduğunu qeyd edib: “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.”
Çox sevindirici haldır ki, Qazaxstan, Qırğızıstan və Özbəkistan tərəfindən önəmli layihələrdən olan investisiya layihələri çox fəallıqla həyata keçirilir. Artıq Azərbaycan-Qırğızıstan, Azərbaycan-Qazaxstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.
Dövlət başçımız çıxışında qeyd etmişdir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPESA-nı qeyd etmək istərdim Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPESA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir.
Dövlət başçısı bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Beləliklə, dövlətimizin başçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri